AVROPA LİDERLƏRİ PUTİNƏ ZƏNG EDƏCƏKLƏR - İki variant təklif olunacaq
Prezidentlər Donald Tramp və Volodimir Zelenski arasında gərginliyin artması, eləcə də Amerikanın Kiyevə dəstəyinin zəifləməsi fonunda Avropa liderləri Ukraynadakı müharibəyə son qoymaq üçün Kremllə ayrıca danışıqlar aparmaq niyyətindədirlər.
Hurriyyet.net xəbər verir ki, bu barədə “Financial Times” məlumat yayıb. Nəşrin müəlliflərindən olan Gideon Raxmanın bildirdiyinə görə, Avropa liderləri ilə Vladimir Putin arasında tezliklə telefon danışığı baş tutacaq.
Onun açıqlamadığı mənbələrə istinadla yazdığına görə, potensial Rusiya-Avropa danışıqları zamanı Putinə müharibəyə son qoymaq üçün iki variant təklif olunacaq.
Birinci senariyə görə, mövcud cəbhə xətti boyunca "münaqişənin dondurulması" təklif ediləcək və bunun müqabilində Ukraynanın heç vaxt NATO-ya qoşulmayacağına dair zəmanət veriləcək.
İkinci ssenariyə görə, Ukrayna Donbasın qalan hissəsini Rusiyaya verəcək, lakin bundan sonra NATO-ya qoşulacaq.
Bu məlumatın nə dərəcədə həqiqətə uyğun olduğunu söyləmək çətindir. Çünki Ukraynanın öz suveren ərazilərindən imtina etməsi nə Avropanın, nə də hətta Ukrayna Prezidentinin səlahiyyətlərinə aid olan məsələ deyil. Ukraynanın NATO-ya mümkün qəbuluna gəlincə, hazırkı ABŞ administrasiyasının bunun əleyhinə olacağını proqnozlaşdırmaq elə də çətin deyil.
Ümumiyyətlə, NATO ilə bağlı hər hansı bir qərar ABŞ-siz verilə bilməz. Nəhayət, Rusiyanın bu təkliflərin hər hansı biri ilə razılaşacağı ehtimalı da real görünmür. Bütün bunlarla yanaşı, müharibənin hazırkı eskalasiya mərhələsi, Ukraynanı gözləyən ağır qış, üstəlik ABŞ-nin Kremllə yaxınlaşması fonunda Avropanın istənilən yolla Rusiya ilə dil tapmağa çalışacağı ssenarisi müəyyən qədər ağlabatan görünür…
Qeyd edək ki, ABŞ Dövlət katibi Marko Rubio daha əvvəl Ukraynadakı müharibənin "strateji dalan”a düşdüyünü bəyan etmişdi. Çünki Rusiya Donbas üzərində tam nəzarət tələb etdiyi halda, Kiyev bunu qəbuledilməz hesab edir. Onun fikrincə, mövcud vəziyyət ya danışıqlar, ya da bir və ya hər iki tərəfin eskalasiyaya getməsi yolu ilə həll edilə bilər.
Kreml dəfələrlə bildirib ki, atəşkəs danışıqlarının başlaması(sülh bağlanması yox, sadəcə danışıqların başlanması-red.) üçün Ukrayna Rusiya qoşunlarının dörd il yarımdır ki, ələ keçirə bilmədiyi Donbasdakı bütün əraziləri tamamilə boşaltmalıdır. Rəsmi Kiyev isə bu ərazilərin fiziki olaraq tərk edilməsinin Ukraynanın müdafiəsini zəiflədəcəyini bildirir. Üstəlik, konstitusiyaya görə, hakimiyyətin bunu etməyə qanunla ixtiyarı yoxdur.
“Financial Times” isə qeyd edir ki, Avropa liderləri arasında artıq Ukrayna danışıqlarının tək Vaşinqtonun ixtiyarına verilməsinin doğru olmadığı barədə fikir birliyi yaranıb. Həmçinin, qeyd olunur ki, Avropa ilə Kreml arasında ünsiyyət kanalları "artıq açıqdır".
Ukraynanı maliyyələşdirən və “ayaq üstə saxlayan” əsasən Avropadır və onun danışıqlardan kənarda qalması doğrudan da heç bir məntiqə sığmır. Lakin görək, Moskva “Trampın başı üzərindən” Avropayla danışıqlara, ən əsası isə razılaşmaya getməyə hazırdırmı?