📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

ABŞ İranın 7 günlük planını qəbul edəcəkmi?

2026-10-19 20:37:49

ABŞ İranın 7 günlük planını qəbul edəcəkmi?

İranın xarici işlər naziri Abbas Arakçi Tehranın Qətər vasitəsilə ABŞ-a təqdim etdiyi 7 günlük planın qüvvədə qaldığını bildirib. Onun sözlərinə görə, Vaşinqtonun mövqeyindən asılı olaraq, Hörmüz boğazında gəmiçilik bir həftə ərzində bərpa oluna bilər. Bununla belə, ABŞ İranın təklifinə münasibətini artıq vasitəçilər vasitəsilə çatdırıb, indi seçim ABŞ-ındır.

Bəs Vaşinqton İranın şərtlərini qəbul edəcəkmi?

Yusif Bağırzadə: Xalqımız kimin kim olduğunu yaxşı bilir- ÖZƏL

Politoloq Yusif Bağırzadə Musavat.com-a bildirib ki, ABŞ-ın İranın 7 günlük planını olduğu kimi qəbul etməsi hazırkı mərhələdə çətin görünür, lakin Vaşinqtonun Tehranın təklifini tamamilə rədd etməsi də yeganə mümkün ssenari deyil: “Əsas mübahisə Hörmüz boğazının açılmasından daha çox, tərəflərin güzəştləri hansı ardıcıllıqla edəcəyi və nüvə məsələsinin danışıqlarda nə vaxt müzakirəyə çıxarılacağı ilə bağlıdır.

Vaşinqtonun qarşısında bir neçə mümkün yol var. Birinci yol İranın təklifini olduğu kimi qəbul etməkdir. Bu halda ABŞ blokadanın aradan qaldırılması, sanksiyaların yumşaldılması və regional atəşkəs məsələlərində güzəştlərə getməli olacaq. Lakin nüvə proqramı ilə bağlı məsələlər həllini tapmadan belə addımların atılması Tramp administrasiyası üçün siyasi və təhlükəsizlik baxımından ciddi suallar yarada bilər.

İkinci yol qarşılıqlı güzəştlərə əsaslanan kompromis yoludur. Bu variantda Vaşinqton İranın müəyyən şərtlərini qəbul edə, Tehran isə öz növbəsində nüvə proqramı və dəniz təhlükəsizliyi ilə bağlı konkret öhdəliklər götürə bilər. Məsələn, blokadanın mərhələli yumşaldılması ilə Hörmüz boğazında gəmiçiliyin təhlükəsizliyinin təmin olunması paralel həyata keçirilə bilər. Bununla belə, bu, hazırda razılaşdırılmış qərar deyil, mümkün danışıqlar modelidir.

Üçüncü yol isə danışıqların uzanması və təzyiq siyasətinin davam etdirilməsidir. Bu variantda ABŞ İranın şərtlərini yetərli hesab etməyərək, iqtisadi və hərbi təzyiqi davam etdirə bilər. Lakin bu halda Hörmüz boğazı ətrafındakı qeyri-müəyyənlik uzanacaq, enerji bazarlarında risklər və regionda yeni toqquşmaların baş verməsi təhlükəsi qalacaq. Hesab edirəm ki, indiki şəraitdə ABŞ üçüncü yolu seçəcək”.