30 ildir Türkiyədə şəxsiyyət vəsiqəsi olmadan yaşayır - Azərbaycanda doğulub - Video
Türkiyənin Bursa şəhərində Elvin Korkmaz adlı əslən azərbaycanlı şəxs 30 ildir şəxsiyyət vəsiqəsi olmadan yaşayır.
Hurriyyet.net xəbər verir ki, bu barədə “Habertürk” telekanalının materialında qeyd olunub.
E.Korkmazın sözlərinə görə, körpə olarkən Azərbaycanda valideynləri ayrılıb və o, ailəsi tərəfindən uşaq evinə verilib. Bunun ardınca, valideynləri fərqli ölkələrə gedib. Elvini isə daha sonradan ata nənəsi özü ilə Türkiyəyə aparıb. Lakin onun doğum şəhadətnaməsi olmadığından bütün səylərə baxmayaraq, Türkiyədə şəxsiyyət vəsiqəsi almaq mümkün olmayıb.
Gənc oğlan bildirib ki, uzun illərdir şəxsiyyət vəsiqəsi olmadan yaşaması onu sosial cəhətdən çıxılmaz vəziyyətə salıb. Belə ki, sənədi olmadığına görə sığortalı iş tapa bilmir, hətta digər şəhərə getmək üçün bilet belə alması mümkün deyil.
Elvin həmçinin vurğulayıb ki, bu hal tibbi xidmətlərdən yararlanmasında da problemlər yaradır.
O, hazırda varlığını sübut etmək üçün rəsmi qurumlardan dəstək gözlədiyini bildirib.