188 TIR-lıq maliyyə qalmaqalı - Türkiyədə oliqarxik sistemin acı mənzərəsi və diqqət yayındırma siyasəti
Evin şüşədəndirsə, başqasının evinə daş atma! Deyəsən, bu müdrik kəlamı Azərbaycanın daxili işlərinə kobud şəkildə burun soxmaqla, ölkəmizdəki ictimai-siyasi prosesləri öz maraqları naminə şərh etməklə və cəmiyyətin diqqətini süni gündəmlərlə yayındırmağa çalışan nurçu-islamçı AKP hakimiyyəti unudub. Din pərdəsi altında gizlənib başqalarına dərs keçmək asandır. Ancaq bundan əvvəl öz evində baş verənlərə, siyasi və iqtisadi sistemini içindən çürüdən korrupsiyaya və mənəvi aşınmaya baxmaq, başqalarına dərs keçməzdən əvvəl öz ayıblarınla üzləşmək lazımdır.
Türkiyədə gündəmə gələn nəhəng maliyyə qalmaqalı da məhz bu konteksdə diqqət çəkir. Bu hadisə təkcə maliyyə bazarında baş vermiş böhran deyil, siyasi himayədarlıq, iqtisadi gücün müəyyən çevrələrdə cəmləşməsi və hakimiyyət təmsilçilərinin korrupsiya girdabına bulaşmasının real nəticəsidir.
Hazırda Türkiyənin maliyyə bazarını silkələyən qalmaqalın miqyası ilə bağlı səsləndirilən rəqəmlər heyrət doğurur. Adam dəhşətə gəlir: gecə-gündüz islamın ən saf dəyərlərindən danışanlarda sən demə, heç bu əməllərdən əlamət belə yox imiş... Sən demə, hicab bağlayıb xalqın sərvətinə əl uzatmaq olarmış...
Hazırda Türkiyədəki məşhur “fon skandalı” nəticəsində yüz minlərlə fərdi investorun zərər gördüyü, böyük həcmdə vəsaitin risk altına düşdüyü faktlarla ortaya qoyulub. İYİ Partiyanın nümayəndəsi Turhan Çömezə aid edilən hesablamalarda isə təxminən 830 milyardlıq vəsaitin 200 lirəlik əskinaslarla 188 yük maşınına sığacaq qədər pul etdiyi vurğulanır. 455 mindən çox fərdi investor (ailələri ilə birlikdə milyonlarla vətəndaş) zərər çəkib. Maliyyə bazarlarına nəzarət etməli olan müstəqil dövlət qurumları, milyardlarla lirəlik vergidən yayınma və manipulyasiya mexanizmlərinə göz yumub, kiçik investorların deyil, imtiyazlı bir neçə yüz nəfərin və şirkətin maraqlarını qoruyub.
Məsələnin mahiyyəti təkcə səslənən məbləqlərin böyüklüyündə deyil. Əsas sual budur: yüz minlərlə insanın etibar etdiyi maliyyə mexanizmlərinə kimlər haram qatıb? Fondların idarə edilməsinə, səhmlərin qiymətləndirilməsinə və bazarda baş verən mümkün manipulyasiyalara nəzarət edən qurumlar niyə susub?
Cavab sadədir. Müxalifətin təqdim etdiyi faktlardan görünən odur ki, bütün bunların arxasında ayrı-ayrı hakimiyyət təmsilçilərinin siyasi himayədarlığı dayanıb. Əks halda əsrin korrupsiyası bu dərəcədə çiçək açmazdı. Araşdırmalar və mediada yayılan məlumatlar ətrafında hakim AKP ilə əlaqəli bəzi şəxslərin adlarının hallanması da bunun əbəs olmadığını ortaya qoyur. Qalmaqalın arxasında məhz AKP-yə yaxın şəxslər dayanır. Keçmiş nazir Fatma Betül Sayan Kaya, onun həyat yoldaşı İlyas Kaya və AKP sədrinin müavini Hayati Yazıcının oğlu Mustafa Yazıcı kimi yüksək profilli simaların adlarının hallanması korrupsiyanın dövlətin ən üst pillələrinə qədər uzandığını nümayiş etdirir.
Necə deyərlər, xoruzun quyruğu burada görünür. Sən demə, AKP hakimiyyətinin əsas simaları uzun illərdir siyasi legitimliklərini məhz sözdə dini-mənəvi dəyərlərə, milli iradəyə və sosial ədalət vədlərinə söykənən ritorika ilə möhkəmləndiriblər.
Reallıq bunu göstərmirmi? Dini dəyərləri siyasi hakimiyyətin qorunması və maraqların təmin edilməsi üçün vasitəyə çevirmək nə dərəcədə mənəviyyata uyğundur? İslamçılıq dövlət səviyyəsində reketçilik etməkdirmi? Cəmiyyətə davamlı şəkildə mənəvi dəyərlərin müdafiəsindən danışmaq, eyni zamanda insanların maddi rifahına, əmanətlərinin təhlükəsizliyinə və ədalətli rəqabətə harama əl uzatmaq nəinki islamda, bütün dinlərdə haram sayılmayıbmı?
Burada söhbət dini dəyərlərin siyasi məqsədlər naminə iyrənc şəkildə istismar edilməsindən gedir. Açığı, Türkiyədə baş verənlər fonunda buna bundan daha bariz nümunə tapmaq çətindir. İslamın ədalət, əmanətə sədaqət, haqqın qorunması və dürüstlük kimi fundamental prinsiplərinə istinad edən siyasi qüvvənin həmin dəyərləri dövlət idarəçiliyində tətbiq etməyi sanki “unutmasına” da ad tapmaq çətindir.
Prezident Rəcəb Tayyib Ərdoğan və hökumət nümayəndələri maliyyə böhranının nəzarət altına alınması və məsul şəxslərin cəzalandırılacağı istiqamətində açıqlamalar verirlər. Lakin hələlik bütün bunlar vəd olaraq qalır. Siyasi bəyanatlarla real nəticələr arasında ciddi uçurum var. Müxalifət hadisənin ört-basdır edildiyini faktlarla əsaslandırmağa çalışdığı halda, AKP hakimiyyəti yeni vədlər verməklə, sonra isə həmin vədləri unudaraq Azərbaycana qarşı təhqiramiz hücumlar təşkil etməklə məşğuldur.
Baş verənləri obyektiv və ədalətli şəkildə araşdırmaq əvəzinə, AKP hakimiyyəti Türkiyə ictimaiyyətinin diqqətini əsas suallardan yayındırmağa, müzakirələri başqa istiqamətə yönəltməyə və siyasi gündəmi emosional mövzular ətrafında formalaşdırmağa çalışır. Türkiyənin daxili ictimai-siyasi gündəmində Oktay Saral və Müfit Aydın kimi siyasətçilərin bəyanatları, eləcə də İstanbuldakı Azərbaycan konsulluğu qarşısında keçirilən aksiyaların, ölkəmizə, onun rəhbərinə qarşı səslənən ən iyrənc hədyanların bir adı var- əsrin korrupsiya qalmaqalını ört-basdır etmək. Yeri gələndə din düşməni ilə belə isti əlaqələr quran nurçu-islamçı zehniyyət Azərbaycanda orta məktəblərdə vahid geyim formasının tətbiqini bəhanə gətirməklə özünün çirkin əməllərini unutdurmağa çalışır. Məhz AKP-nin hakimiyyəti dövründə formalaşmış idarəetmə və iqtisadi münasibətlər sistemindəki korrupsiya, maraqlar toqquşması və dövlət resurslarından sui-istifadə hallarının yenidən gündəmə gəldiyi dönəmdə cəmiyyətin diqqəti başqa səmtə yönəldilir. “İslam dəyərləri” şüarı ilə ictimai dəstək qazanmağa çalışan siyasi qüvvələrin keçirdiyi qaranlıq dövlət tenderləri, birja əməliyyatları, strateji fondlara nəzarət, müstəqil biznesin fəaliyyət imkanlarının məhdudlaşdırılması və müxtəlif ittihamlar əsasında iri holdinqlərin, eləcə də iş adamlarının aktivlərinə müdaxiləsi arxa plana keçirilir. Müxalifətin “AKP-nin saadet zinciri” və ya maliyyə piramidası adlandırdığı proses məqsədli şəkildə diqqətdən kənarda saxlanılır.
Beləliklə, günümüzün acı mənzərəsi budur; baş verən biabırçı hadisələri unutdurmağa çalışan Türkiyənin başbilənləri talan və korrupsiya hallarına qarşı kütləvi etirazların qarşısını almaq, cəmiyyəti xof və qorxu mühitində saxlamaq məqsədilə bəzi radikal islamçı qruplara geniş ideoloji, maliyyə və hüquqi imtiyazlar veriblər. Bu qruplar hakim elitanın maraqlarına xidmət edən loyal “küçə gücü” rolunda çıxış edir, zərurət yarandıqda isə həm daxili, həm də xarici hədəflərə qarşı səfərbər olunurlar. Azərbaycan səfirliyi qarşısında keçirilən aksiyalar, ölkəmizə qarşı ən idbar ittihamlar bu kontekstdə diqqət çəkən nümunələrdir.
İqtisadi və dövlət böhranının dərinləşdiyi, cəmiyyətdə sosial narazılığın artdığı şəraitdə dindən siyasi pərdə kimi istifadə olunur. Radikal qruplar hərəkətə gətirilərək, dini hisslər siyasi məqsədlərə yönəldilir və xaricdə, o cümlədən Azərbaycan kimi yaxın tərəfdaşlara qarşı süni gərginlik ocaqları yaradılır. Nəticədə korrupsiya, iqtisadi tənəzzül və idarəetmə problemləri ətrafında formalaşan haqlı narazılıq başqa istiqamətə yönəldilir, cəmiyyətin diqqəti isə real problemlərdən süni şəkildə yaradılan gündəmlərə çəkilir.
Azərbaycanın daxili işlərinə qarışmağı, ölkəmizin siyasi və ictimai gündəmini öz maraqları çərçivəsində yönləndirməyi özünə vəzifə sayan Türkiyənin bəzi hakim siyasi dairələri və onların təbliğatçıları bir həqiqəti unutmamalıdırlar: heç bir ölkənin daxili prosesləri başqalarının öz problemlərini gizlətmək, ictimai narazılığı başqa səmtə yönəltmək və siyasi maraqlarını təmin etmək üçün daima istifadə edə biləcəyi vasitə deyil. Ən yaxın müttəfiqə qarşı süni düşmənçilik mühiti yaratmaq, dini və ideoloji şüarlarla ictimai rəyi manipulyasiya etmək, diplomatik məsələləri daxili siyasi hesablaşmaların alətinə çevirmək son dərəcə təhlükəli yanaşmadır. Azərbaycan-Türkiyə münasibətləri ayrı-ayrı şəxslərin, siyasi partiyaların və ya ideoloji qrupların maraqlarından qat-qat üstündür. AKP-nin nurçu-islamçı ideoloji çevrələri bu həqiqəti dərk etməsələr də, türk millətçiləri, Atatürkün müəyyən etdiyi dünyəvi dövlətçilik xəttinə sadiq olanlar və Türkiyənin milli maraqlarını partiya maraqlarından üstün tutanlar məsələnin mahiyyətini yaxşı anlayırlar. Dini şüarlardan siyasi sipər kimi istifadə etmək heç kimə qonşu və müttəfiq ölkəyə qarşı əsassız ittihamlar irəli sürmək hüququ vermir. Öz problemlərinizi Azərbaycanın ünvanına əsassız ittihamlar yağdırmaqla, süni qalmaqallar yaratmaqla və ictimai diqqəti ölkəmizə yönəltməklə gizlədə bilməyəcəksiniz. Reallıqları təhrif etmək, cəmiyyətləri qarşı-qarşıya qoymaq və həqiqətləri ideoloji hay-küyün arxasında saxlamaq cəhdi nə faktları dəyişir, nə də məsuliyyəti aradan qaldırır. Azərbaycan heç kimin siyasi manipulyasiyalarının hədəfi, daxili böhranlarının pərdəsi və ya ideoloji hesablaşmalarının meydanı deyil!//Musavat.com