Vəzirovun qozu, Hacı İbrahimin xurmaları
Zülfüqar Hüseynzadə
Hüzurunuza təqdim elədiyim bu yazının sifarişini həmkarlarımdan almışam. Həftəsonu Goranboydan – qələm dostumuz, “525- ci qəzet”in müxbiri Kamil Həmzəoğlunun atasının yas mərasimindən qayıdırdıq. Qaradağ rayonunun Sahil qəsəbəsində yol boyu uzanan palma ağaclarını seyr edərkən həmkarlarımızdan biri zarafatla “görəsən bu palmaların xurmasını nə vaxt yeyəcəyik”- deməsiylə mənim bədahətən “get onu Vəzirovun qozlarını yeyənlərdən soruş” cavabım bizim üçün məxsusi olaraq ayrılmış mikroavtobusun salonunu qəhqəhəylə doldurdu. Bir neçə dəqiqə davam edən duzlu-məzəli müzakirələrdən sonra təklif səsləndirildi ki, bir halda bu mövzunu sən ortaya atdın, zəhmət çək bununla bağlı bir köşə yaz. Beləcə, bu yazı bir xoş təsadüfün meyvəsi oldu…
Öncə ondan başlayım ki, Əbdürrəhman Vəzirov Azərbaycana rəhbərlik etdiyi qısa müddətdə bir təlxək imici qazandı və barəsində silsilə lətifələr dillər əzbəri oldu. Bunlardan biri də səhv etmirəmsə Füzuli rayonunda bir sahəyə qoz tingləri əkilməsi mərasimində onun “mən bu qozları indi sizin iştirakınızla əkirəm, illər keçəcək, siz mənim bu qozlarımı yeyəcəksiniz” deməsindən sonra dilə-dişə düşdü. Bir sözlə, Vəzirov xalqın yaddaşında doğma dilini bilməyən bir zavallı kimi qaldı, Kremlin Azərbaycana qarşı məkrli niyyətlərinin icraçısı kimi lənətlə xatırlanmaqdadır. Məni heç indi onun nə vaxtsa əkdiyi qoz ağaclarının sonrakı aqibəti də maraqlandırmır. Bilmirəm ki, indi onu kimlərsə yeyir, yoxsa tələf olaraq “tarix səhnəsi”ndən silinib…
Təbii ki, mən nə onu Hacı İbrahim Nehrəmliylə müqayisə etmək fikrindəyəm, nə də qoz ağaclarını palmalarla. Ancaq onu da etiraf etməliyəm ki, bu iki şəxsi bir-birinə bağlayan bir ümumi xüsusiyyət də var və bu, hər ikisinin aşırı utopik olmasıdır. Necə ki, Vəzirov kənd təssərrüfatının inkişafı üçün doqquz mərtəbəli qoyun tövləsi tikilməsini təklif edirdisə Hacı İbrahim də Xəzərin ortasında bir kilometr hündürlüyündə sözün həqiqi mənasında göydələn ucaltmaq həvəsinə düşüb. Özü də dünyanın ən seysmoaktiv bir bölgəsi hesab olunan yerdə. Adama deməzlər ki, zalım oğlu, bu gün Bakı sakinləri 5-10 mərtəbəli binalarda səksəkəylə yaşayır, hamı bir himə bənddir ki, tavanda asılmış çilçıraq yellənər-yellənməz özünü eyvandan yerə atsın. Bəs 300-350 mərtəbəli binadakı zavalllılar zəlzələ zamanı nə edəcəklər? Mən hələ bu titrəyişlər zamanı həmin göydələnin domino daşı kimi dağılma ehtimalından danışmıram. Ancaq özü bilər, varlığa nə darlıq. Əslində mənim mövzum Xəzərin göbəyində kimin nə qayırmaq istəməsindən daha çox sahil boyu əkilmiş palmaların nə zamansa verə biləcəyi xurmalar barədədir. Hacı İbrahim özü mətbuata açıqlamasında deyib ki, palmaları sevdiyindən onu xaricdən xüsusi olaraq seçdirərək gətirdib və bu ağacların hər birinin 100-150 yaşı var. Onu da bildirib ki, bu palmalar tezliklə bar verəcək və onun xurmalarını da yeyə biləcəyik…
Bax mən buna heç əmin deyiləm. Hətta deyərdim ki, Vəzirovun qozlarının bar vermə ehtimalı Hacı İbrahimin xurmalarından dəfələrlə yüksəkdir. Əksinə, tərəddüd etmədən o iddiadayam ki, həmin palmalar heç vaxt bar verməyəcək. Bilirsiniz niyə? Lütfən bunu kimsə qarğış kimi qəbul etməsin və mənim Hacı İbrahimlə yaxından-uzaqdan nə tanışlığım var, nə ədavətim. Sadəcə onun gözbərəldən fantaziyalarının reallaşmayacağı qənaətindəyəm. Məsələ ondadır ki, palmanın vətəni isti iqlimli ölkələrdir və Azərbaycan kimi sərt qışı, iliyə işləyən şimal küləyi olan bir məmləkətdə bu cür zərif ağaclar nəinki bar verməz, hətta onların həyatda qalması da sual altındadır. Kim buna inanmırsa gedib Xəzərin sahilində həmin palmaların bənövşətək boyunlarını necə bükdüklərini və nəfəskəsən xəzrinin hücumlarının yazıqların qamətlərini necə əydiyinə baxıb görsün ki, onlar heç xurma vermək hayındadırlarmı…?






Tweet This
Share on Facebook
Digg This
Save to delicious
Stumble it
RSS Feed