Su kimi sovrulan pullar


 Su və kanalizasiya təchizatının yaxşılaşdırılmasına yönəldilən 2,6 milyard manatdan kim daha çox bəhrələnib: susuz əhali, yoxsa…?

 “Düz dörd aydan artıqdır ki, su üzünə həsrətik. Ötən il noyabrda su kəməri dağılandan bəri bizim binaya su verilmir. Bir neçə dəfə gəlib düzəltdilər, bir-iki saatdan sonra yenə dağılırdı. Dedilər ki, guya Oğuzdan Bakıya gələn suyu paylamağa gücü çatmır. Elə o vaxtdan da qalmışıq susuz, nə düzəltmirlər, nə də konkret bir söz demirlər ki, camaat işini bilsin”.

Bakının lap mərkəzində, Mirəli Qaşqay küçəsindəki 17 saylı binanın sakini Tamara Həsənovanın dünyada həyat və dirilik mənbəyi olan su qıtlığından şikayətinin ciddi əsasları var. Belə ki, hazırda həmin küçənin böyük bir hissəsində – 9, 14, 15, 27, 33 və 46 saylı binalara demək olar ki, su verilmir. Əslində isə hər gün şaxtalardakı su nasosları işləyir, ancaq anbarlar boş olduğundan bu, cəmi 5-10 dəqiqə çəkir.

Tamara xanım deyir ki, əvvəllər gün ərzində iki dəfə üst-üstə 3 saata yaxın su verilirdi. İndi isə yalnız səhər tezdən ən çoxu 10 dəqiqəlik su gəlir. Ondan da yalnız aşağı mərtəbələrdə yaşayanlar istifadə eləyir. Təzyiq aşağı olduğundan yuxarı mərtəbələrə su çıxmır. Ona görə də camaat içməli suyu ya xüsusi qablarda mağazalardan, ya da su satan maşınlardan alır: “Mağazalardan alınan su ilə dolanmaq olmur. Məcburiyyət qarşısında qalıb bir necə qonşu ilə birlikdə 20 manata bir maşın suyu alıb aramızda bölüşdürürük”.

Çox maraqlı və qəribə təzaddır: bir tərəfdən Azərbaycanın dövlət büdcəsindən içməli su layihələrinə xərclənən vəsaitlərin həcmi ildən-ilə artır, digər tərəfdən böyük məhəllələrdə, kəndlərdə su yoxdur. Baxmayaraq ki, tikintisinə 1 milyard manatdan çox xərc çəkilən Oğuz-Qəbələ-Bakı su kəmərinin necə deyərlər, qidalandırdığı ərazilərdən biri elə Tamara Həsənovanın yaşadığı zonadır. Hər halda, “Azərsu” rəsmiləri hazırda Bakının Yasamal, Nəsimi və Binəqədi rayonlarının tam, Nərimanov, Səbayel, Xətainin isə bir hissəsinin su təchizatının bu kəmər vasitəsilə ödəndiyini bəyan edir.

2007-ci ildə tikintisinə başlanmış və 2010-cu ilin dekabrında istismara verilən Oğuz-Qəbələ-Bakı su kəmərinin tikintisinə Dövlət Neft Fondundan 749,4 milyon xərclənib. Sonradan kəmərin tikintisinə və bununla əlaqədar şəbəkələrin qurulmasına birbaşa dövlət büdcəsindən və dövlət investisiya layihələri çərçivəsində əlavə vəsaitlər ayrılmaqla bu xərclərin ümumi məbləğ 1 milyard manatı keçib. Amma layihənin əhalinin içməli su təminatına təsiri və dövlətin ayırdığı vəsaitlərin xərclənməsində şəffaflıq məsələlərinə dair xeyli şübhələr var.

Olmayan şirkət tenderin qalibi “seçilib”

Bu şübhələrdən biri Oğuz-Qəbələ-Bakı su kəmərinin tikintisində istifadə edilən şüşə tərkibli boruları istehsal edən “Azkompozit” adlı şirkətlə bağlıdır. Məlum olur ki, bu şirkət 2006-cı ildə məhz Oğuz-Qəbələ-Bakı su kəməri üçün boru istehsal etmək məqsədilə yaradılıb. Həmin il dekabrın 29-da müəssisənin rəsmi açılış mərasimi keçirilib. Maraqlıdır ki, “Azkompozit” rəsmi açılışdan hələ 5 ay əvvəl –  2006-cı ilin avqustunda kəmər üçün boruların göndərilməsi üzrə tenderi udub. Belə çıxır ki, sifarişçi “Azərsu”ASC Oğuz-Qəbələ-Bakı su kəmərinin tikintisində ilə ən böyük saxtakarlığa işləməyən bir şirkəti tenderin qalibi elan etməkdən başlayıb.

Xatırladaq ki, “Azərsu” ASC o zaman həmin tenderdə “Azkompozit”dən başqa  daha 5 ölkədən 7 şirkət iştirak etdiyini elan etsə də, bu şirkətlərin nə adları, nə də onların hansı ölkədən olduğuna dair məlumatlar açıqlanmadı. 2006-cı ildə Sumqayıtda yaradılan “Azkompozit” şirkəti isə kəmərin tikintisi başa çatdıqdan sonra fəaliyyətini dayandırıb.

Kəmərin tikintisinin ətraf mühitə təsiri və onun keçdiyi ərazilərdə torpaq mülkiyyətçilərə kompensasiyaların verilməsi vəziyyətinə dair monitorinq aparan Neftçilərin Hüquqlarının Müdafiə Təşkilatının rəhbəri Mirvari Qəhrəmanlı da bu layihənin icrası zamanı ciddi maxinasiyalara yol verildiyi qənaətindədir. Onun sözlərinə görə, layihə üzrə kəmərin tikintisinə ilk olaraq 480 milyon manat ayrılıb, sonradan isə bu rəqəm 1 milyard manatdan da yuxarı olub: “Lakin indiyə qədər izah edilmir ki, bu kəmərin 3 dəfəyə yaxın bahalaşması nədən yaranıb. Həmçinin layihədə kəmərin su ilə doldurulması üçün Oğuz və Qəbələ ərazisində 100 ədəd quyunun qazılacağı göstərilirdi. Lakin həmin ərazilərdə faktiki olaraq qazılan quyuların sayı 75-dir. Yerdə qalan 25 quyunun qazılmamasının izahı verilmir”.

Mirvari Qəhrəmanlı bir mühüm məsələni də qeyd edir. Onun sözlərinə görə, 1 milyard manata başa gələn Oğuz-Qəbələ-Bakı kəmərinin tikintisindən sonra Oğuz rayonunu bir neçə kənddə yerli əhalinin istifadə etdiyi bulaqlar quruyub və hazırda həmin kəndlərdə əhali içməli suyu başqa ərazilərdən gətirmək məcburiyyətindədir. Bundan başqa, quyuların qazıldığı yüksəkliklərdə yeraltı sular quyulara yığıldığından yaz-yay mövsümündə buradakı yaşıllıqlar tamamilə məhv olur.

Əsaslandırması olmayan layihə

Mirvari Qəhrəmanlı kəmərin işə düşməsindən sonra paytaxt əhalisinin 75 faizinin fasiləsiz su ilə təmin olunacağına dair proqnozların da doğrulmadığını deyir. Onun sözlərinə görə, aparılan monitorinq Oğuz-Qəbələ-Bakı kəmərinin istifadəyə verilməsinin  paytaxt əhalisinin su təminatına təsir etmədiyini göstərib.

İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyinin ekspertləri isə apardığı tədqiqatlardan belə nəticəyə gəlib ki, kəmərin xərclərinin baha, özünün isə səmərəsiz olmasının əsas səbəblərindən biri hökumətin heç bir texniki-iqtisadi əsaslandırma aparmadan bu layihənin icrasına başlamasıdır. Ekspertlərin fikrincə, hökumət hazırkı mənbələr hesabına Bakının hansı ərazilərinə gündə neçə saat su verildiyini, kəmərin tikintisindən sonra vəziyyətin necə dəyişəcəyini, əhalinin hansı ərazilərdə və neçə faizinin nə qədər su ala biləcəyinə dair dəqiq təminat xəritəsini ortaya qoymalı idi: “Hələ də ikili oyun gedir, bir tərəfdən deyirlər ki, kəmər hələ tam gücü ilə işləmir, digər tərəfdən isə suyun Bakıya gəldiyini, amma paylama şəbəkəsinin yetərli olmadığını söyləyirlər. Deməli, bu kəmərin tikintisinə çəkilən xərclərin səmərəliliyindən və effektindən danışmağa dəyməz.

2,6 milyardlıq layihələr nəyi dəyişib?

Dövlət vəsaitlərinin səmərəsiz xərclənməsi hallarına “Azərsu” ASC-nin başqa layihələrində də rast gəlinir. Xatırladaq ki,  2005-2011-ci illərdə Oğuz-Qəbələ-Bakı su kəməri istisna olmaqla, “Azərsu” Səhmdar Cəmiyyətinə təkcə dövlət investisiya layihələri çərçivəsində 533 milyon 982 min 500 manat vəsait ayrılıb. Üstəlik də Dünya Bankının, Avropa Yenidənqurma və İnkişaf Bankının, Almaniyanın KfW Bankının, Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyinin, Səudiyyə İnkişaf Fondunun maliyyə dəstəyi il Bakıda və regionlarda su təchizatı sistemini yaxşılaşdırmaq üçün üst-üstə 1 milyard 147 milyon dollardan vəsaitlər ayrılıb. Oğuz-Qəbələ-Bakı su kəmərinin tikintisinə xərclənən 1 milyard manatı da nəzərə alsaq, onda 2005-ci ildən bu yana ölkə üzrə su və kanalizasiya təchizatının yaxşılaşdırılmasına ümumilikdə 2 milyard 681 milyon 25 min dollar vəsait ayrılıb.

Son bir neçə ildə paytaxt Bakı ilə yanaşı regionlarda da içməli su və kanalizasiya xətlərinin çəkilməsinə iri məbləğli vəsaitlər xərclənir. Bu vəsaitlərin böyük hissəsi “Azərsu” ASC tərəfindən birbaşa xərclənən büdcə vəsaitləri, yerdə qalan hissəsi isə Azərbaycan dövlətinin zəmanətlə aldığı kreditlərdir. Təkcə 2011-ci ildə həmin məqsədlər üçün “Azərsu” ASC-yə dövlət büdcəsindən 98 milyon 770 min 700 manat vəsait ayrılıb. Bu vəsaitlərin bir qismi Bərdə, Tərtər, Ağdam, Ağcabədi rayonlarının sərhəd kəndlərində içməli su təchizatının yaxşılaşdırılmasına yönəldilib.

Oxşar layihələrin fərqli xərcləri

Bərdə və Tərtər rayonlarında içməli su təchizatındakı vəziyyəti araşdırarkən öyrəndik ki, “Azərsu” ASC-nin yerli “Sukanal” İdarələri ötən il dövlət vəsaitləri hesabına bəzi kənd və qəsəbələrdə su təchizatının yaxşılaşdırılması üzrə layihələrə başlayıb. Tərtərin Qazian və Qapanlı kəndləri də belə yaşayış məntəqələrindəndir. Qazian bələdiyyəsinin sədri Sülhiddin Ələkbərov deyir ki, “Sukanal” İdarəsi kənddə artezian quyusu qazaraq yaxınlıqda 2 ədəd 25 tonluq çən qoyub. Onun  sözlərinə görə, yeni qurulmuş  şəbəkə vasitəsilə kənd əhalisinin bir hissəsinin içməli su problemi həll olunub. Həmçinin “Azərsu”nun yerli qurumu Qazianla eyni inzibati əraziyə aid olan Qapanlıda da artezian quyusu qazıb. Bütün bu işlərin həyata keçirilməsinə 90 min manat xərclənib.

Yeri gəlmişkən, “Aran” Humanitar Regional İnkişaf İctimai Birliyi (HRİİB) Avropa Birliyi və “Oxfam” humanitar təşkilatının maliyyə dəstəyi ilə Mərkəzi Aran zonasında 20 kənddə oxşar layihələr həyata keçirib. Amma apardığımız araşdırmalardan məlum olur ki, “Oxfam”ın qurduğu şəbəkələr səmərəliliyinə görə “Azərsu”nun eyni layihələrindən daha üstün, xərcləri isə daha ucuzdur. Qazianda və Qapanlıda yerli sakinlərlə söhbətdən məlum olur ki, əslində “Sukanal” İdarəsinin dövlət vəsaitləri hesabına həyata keçirdiyi layihəyə bu qədər vəsaitin xərclənməsinə səbəb olan başqa amillərdir. Sakinlərin bildirdiyinə görə, “Sukanal” Sahəsi Qapanlı kəndində içməli su infrastrukturu yaradarkən iki artezian quyusu qazmalı olub. Ancaq birinci quyudan çıxan suyun buraxıcılıq gücü zəif olub. Üstəlik quyudan çıxan su keyfiyyət standartlarına cavab verməyib.

Beləliklə, iki müxtəlif təşkilatın eyni regionda, hətta bir-birinə bitişik kəndlərdə içməli su infrastrukturunun yaradılması layihələri fərqli qiymətlərə başa gəlib. Belə ki, “Oxfam”ın maliyyə dəstəyi ilə Tərtərin Qaynaq kəndində mərkəzləşdirilmiş su sistemimi qurulmasına 16 min 617 manat xərclədiyi halda Rayon “Sukanal” Sahəsi İdarəsi ümumilikdə 260 ev təsərrüfatı olan qonşu Qazian və Qapanlı kəndlərində belə bir infrastrukturun qurulmasına 90 min manata qədər vəsait xərcləyir. Ağcabədi “Sukanal” Sahəsi isə Hindarx kəndində təkcə artezian quyusunun qazılmasına artıq 40 min manat xərcləndiyini elan edib. Üstəlik bir mühüm məsələ də var ki, “Azərsu”nun gələcək abunəçiləri mərkəzləşdirilmiş su sistemi ilə əhatə olunmayıb və onlar suyu hələ birbaşa həyətlərindən deyil, uzaq məsafələrdən götürmək məcburiyyətindədir.

 Zülfüqar Hüseynzadə

Qeyd: Yazı Açıq Cəmiyyət İnstitutu – Yardım Fondunun jurnalistlər üçün keçirdiyi müsabiqəyə təqdim olunur.

Leave a Reply