Strateji tərəfdaş, yoxsa “mehriban düşmən”?
Səfir təyinatının yubanması diplomatik xəbərdarlıq ola bilərmi?
Politoloq: “Vaşinqtonun Azərbaycanda çevriliş etmək niyyəti var”
Xəbər verildiyi kimi ABŞ prezidenti Barak Obama bugünlərdə bir sıra diplomatik və inzibati qurumlara yeni təyinatlarla bağlı fərman imzalayıb. Sənəddə qonşu Gürcüstan da daxil olmaqla bir sıra ölkələrə yeni səfir təyinatları gerçəkləşdirilsə də, yenə də Azərbaycan “yaddan çıxıb”. Belə ki, rəsmi Vaşinqton Bakıdakı diplomatik elçiliyini bir müddət də başsız qoymağı lazım bilib.
Xatırladaq ki, keçmiş səfir Enn Dersidən sonra bir müddət ABŞ Azərbaycana yeni diplomatik elçi göndərməkdə yubanmışdı və erməni lobbisinin güclü təzyiqi altında Barak Obamanın irəli sürdüyü namizəd Metyu Brayzanın təsdiqlənməsi mümkün olmamışdı. Yalnız Senat tətilə çıxdıqdan sonra Barak Obama ölkə konstitusiyasının ona verdiyi səlahiyyətdən istifadə edərək Brayzanı bir illiyinə Bakıya səfir göndərmişdi. Həmin müddət ötən ilin sonunda başa çatsa da Obamanın “gücsüzlüyü” Azərbaycandakı səfir postunun yenə də boş qalmasına səbəb oldu. Beləcə, bu ilin əvvəlindən Vaşinqtonu Bakıda yalnız səfirliyin müvəqqəti işlər vəkili təmsil edir.
Bütün bunlar ondan xəbər verir ki, hər iki tərəfin yüksək çinli diplomatları tərəfindən vaxtaşırı dilə gətirilən “strateji tərəfdaşlıq” nağılları əslində reallıqdan çox uzaqdır və həm Avropanın enerji təhlükəsizliyində, həm də beynəlxalq terrorçuluqla mübarizədən tutmuş Əfqanıstana göndərilən yüklərin rahat tranzitinə verdiyi töhfələrə baxmayaraq rəsmi Bakı hələ də okeanın o tayında “mehriban düşmən”, etibarsız tərəfdaş ampluasında qəbul olunmaqdadır. Əlbəttə, əsas iddialardan biri budur ki, ABŞ-da prezident seçkiləri yaxınlaşdığı bir dönəmdə heç bir namizəd güclü erməni lobbisinin əsəbləriylə oynamaq istəməzdi. Barak Obama da məhz buna görə hələlik seçkilərədək Bakıya səfir göndərmək fikrindən daşınıb, yersiz mübahisələrdən və onsuz da “soyqırım” məsələsində verdiyi vəddən boyun qaçırdığına görə erməni lobbisi tərəfindən səsləndiriləcək qınaqlardan sığortalanmaq üçün bir müddət gözləməyi məqsədəuyğun hesab edib.
Ancaq bu iddialarda həqiqiət yükü olsa belə, onları əsaslı hesab etmək olmaz və görünən odur ki, hal-hazırda ABŞ-Azərbaycan münasibətləri doğrudan da xeyli gərgindir. Bu gərginliyin səbəbləri də heç şübhəsiz, rəsmi Vaşinqtonun Əliyevlər iqtidarının avtoritar düşüncə tərzinə etirazdan qaynaqlanır. Belə ki, uzun illər ərzində Vaşinqtonda belə hesab edirdilər ki, İlham Əliyev tədricən ölkədə siyasi-iqtisadi islahatlar aparacaq, Avroatlantik məkana inteqrasiya məsələsində qəti mövqe ortaya qoyacaq. Ancaq illər bir-birini əvəz etdikcə okeanın o tayında anlamağa başladılar ki, Bakıda “balanslaşdırılmış siyasət” adlandırılan bu cür tərəddüdlü davranışlar Vaşinqtonu yola verməkdən başqa bir şey deyil. Məhz bu cür bədbin ovqatlı əminlikdən sonra ikitərəfli münasibətlərdəki sərinlik az qala buzlaşma dövrünə qədəm qoydu və bu soyuqluğu başda dövlət katibi Hillari Klinton olmaqla hətta yüksək çinli diplomatların Bakıya səfərləri də aradan qaldıra bilmədi. Əksinə, hər dəfə okeanın o tayından rəsmi Bakını qıcıqlandıran bəyanatların səsləndirilməsi, Azərbaycan hakimiyyətinin beynəlxalq öhdəliklərdən boyun qaçırdığına görə vaxtaşırı qınanılması vəziyyəti bir az da qəlizləşdirib. Nəticədə Birləşmiş Ştatlarda belə qənaətə gəliblər ki, bu cür avtoritar xislətli hakimiyyətlərin nazıyla oynadıqca onlar bəşəri dəyərlərə, insan haqlarına və demokratik azadlıqlara qarşı daha aşağılayıcı mövqe sərgiləyirlər, odur ki, onlarla başa düşəcəkləri dildə danışılmağın zamanıdır.
Politoloq Cümşüd Nuriyev də belə hesab edir ki, ABŞ-ın Azərbaycana müxtəlif bəhanələrlə səfir göndərməkdən boyun qaçırmasının arxasında bu ölkədə qarşıdan gələn prezident seçkiləri o qədər də rol oynamır və əsas məqsəd tamam başqadır. Politoloqun qənaətinə görə, Vaşinqtonun Azərbaycanda çevriliş etmək niyyəti var və idarə olunan xaos vasitəsilə hakimiyyəti dəyişdirmək planı işə salınıb. Ona görə də diqqəti əsas hədəfdən yayındırmaq üçün hələlik səfir göndərməkdən boyun qaçırırlar ki, çevrilişdə əllərinin olmadığını iddia etsinlər: “Gördünüz ki, Rusiyaya göndərilən Amerika səfiri Moskvada yerini isitməmiş ölkə müxalifətiylə görüşdü. Bundan sonra onu topa tutudular ki, ABŞ bu səfiri Rusiyada çevriliş etmək üçün xüsusi olaraq təlimatlandıraraq göndərib. Azərbaycana da ona görə hansısa səfir göndərilmir ki, rəsmi Bakı kimdənsə şübhələnməsin, bir sözlə, sayıqlığını əldən versin”.
Politoloq bu qənaətdədir ki, istənilən halda yaxın dönəmdə Amerika istəsə belə bu planlarını bir qədər arxa plana keçirməyə məcbur olacaq: “Ancaq elə ki, seçkilər başa çatdı, bu ssenari tam gücüylə işə salınacaq”.
Zülfüqar






Tweet This
Share on Facebook
Digg This
Save to delicious
Stumble it
RSS Feed