Müxalifətin çarəsizliyi, yoxsa…
Müxalifət “Eurovison”a nədən “son şans” kimi yanaşır?
Müsavat başqanı İsa Qəmbərin dilindən qeyri-azad ölkədə gücsüzlüyün azad etirafı…
Azərbaycanımızı bəlkə də neftindən daha çox məşhurlaşdıran “Eurovison” mahnı yarışmasına düz üç ay qalıb və bu günkü ölkə mətbuatını izlədikdə may ayının üçüncü ongünlüyündə paytaxtımızda keçiriləcək bu müsabiqənin az qala gündəmin bir nömrəli mövzusu olduğu görsənir. Bu da təbiidir, nəzərə almaq lazımdır ki, gerçəkdən də bu beynəlxalq tədbir öz-özlüyündə musiqi yarışması olsa da, bir sıra məqamlarına – həm ictimi-siyasi, həm humanitar və psixoloji aspektlərinə görə xeyli fərqli məna kəsb edir və obrazlı desək, Azərbaycan üçün hədsiz önəm kəsb edən bir sınaq testi kimi də qiymətləndirilə bilər.
Əlbəttə, könül istərdi ki, bu yarışma millətimiz və dövlətimiz adına çox uğurlu və möhtəşəmliyi ilə yadda qalan bir tədbir olsun, ölkəmizin müsbət imicinin formalaşmasında bir lokomotiv rolunu oynasın. Ona görə də dünyanın mövcud oyun qaydalarını və dörd bir tərəfdən hamının üstümüzə diş qıcadığını, Dağlıq Qarabağ münaqişəsinin həllində bütün dünyanın riyakar və inkarçı mövqe sərgilədiyini nəzərə alsaq bu müsabiqənin millətimiz üçün bir vazkeçilməz fürsət olduğu qənaəti gözlərimiz önündə canlanar. Ancaq etiraf etmək lazımdır ki, məmləkətimizi məngənədə saxlayan antaqonizm, iqtidar-müxalifət münasibətlərinin düşmənçilik səviyyəsində olması, neft və milyardlar səltənətində əksəriyyətin bir qarın çörəyə möhtac edilməsi, yoxsulluğun, məmur özbaşınalığı və korrupsiyanın tüğyan etməsi cəmiyyətimizi sosial partlayışın astanasına gətirdiyindən narazılar bu yarışmadan hakimiyyətə qarşı bir daha ələdüşməz fürsət kimi istifadə etmək fikrindədir və əslində bu cür iddiaları da başa düşmək çətin deyil. Hakimiyyət də necə deyərlər, yaman yerdə axşamladığının fərqindədir və ötən il bu yarışmanın qalibi olmağımızın sevinciylə bərabər mümkün “fəsad”larının da olacağını sanki indi-indi hesablamağa başlayıb. Üstəlik, Müsavat başqanı İsa Qəmbərin bir neçə gün öncə sosial şəbəkədəki dostlarına müraciəti hakimiyyətin narahatlıqlarını xeyli artırıb və onları düşünməyə vadar edib.
Xatırladaq ki, Müsavat başqanı sosial şəbəkədəki dostlarına xitabən xahiş etmişdi ki, 16 nəfər vicdan məhbusunun azadlığa çıxması üçün “Eurovison” yarışmasından istifadə etmək lazımdır və ölkəmizə gələn yarış iştirakçılarını və onları müşayət edən minlərlə jurnalisti Azərbaycanın eybəcər reallıqlarıyla tanış etmək üçün çoxsaylı ssenarilər fikirləşib tapsınlar. İsa Qəmbər hətta onu da bildirmişdi ki, yarışmaya çıxan hər bir müğənnidən xahiş edilərək onların dünyanın gözü önündə həmin məhbusların azad edilməsini dilə gətirmələrinə nail olmaq lazımdır. Bir sözlə, Müsavat başqanı bu qənaətdədir ki, fürsəti fövtə vermək olmaz və əgər may ayınadək Arif Hacılı başda olmaqla 16 vicdan məhbusu azadlığa qovuşmasa ifşaedici kampaniyaya start verilməlidir.
Beləliklə, Müsavat başqanı olduqca maraqlı və mübahisə doğuracaq bir müzakirəyə yol açıb. Bəs doğrudanmı, bu, siyasi mübarizənin ən uğurlu və səmərəli yoludur? Yaxud doğrudanmı, bu yarışmadan istifadə edərək dünyanın dörd gözlə Azərbaycana baxdığı bir dönəmdə hakimiyyəti öz silahıyla-qurşaqdan aşağı zərbə vurmaqla güzəştə sövq etmək gərəkdir? Hər halda ilk baxışda İsa Qəmbərin qənaəti kifayət qədər başadüşülən olsa belə, onun fəsadlarının da nəzərəçarpacaq dərəcədə böyük olacağını nəzərə alaraq məsələyə kompleks yanaşmaq lazımdır. Götür-qoy etmək lazımdır ki, bu zaman millətimiz və dövlətimizin itirə biləcəkləri onun qazanacaqlarından azmı olacaq?
Əlbəttə, YAP İcra Katibi Əli Əhmədovdan və onun kimi qərəzli düşünənlərdən fərqli olaraq İsa bəyin bu müraciətinin “ermənilərin də elə bunu istəməsi” kimi yozulması məsələyə cılız yanaşmadır və problemin mahiyyətini təhrif etməkdir. Ancaq gəlin görək, İsa Qəmbərin dediklərini reallaşdırmaq mümkün olsa və hətta səhnəyə çıxan bütün müğənnilər mahnılarını həmin məhbuslara həsr etdiklərini söyləsələr, bu azmış kimi İlham Əliyevə müraciət edərək onların azadlığa buraxılmalarını tələb etsələr belə, mahiyyət etibariylə nə dəyişəcək ki? Tutaq ki, dünya bir daha biləcək ki, Azərbaycandakı rejim də Liviyada, Misirdə və Suriyadakı diktaturalar kimi demokratiya və azadlıq qənimidir. Görəsən, bunları bildikdən sonra beynəlxalq birlik hansısa ciddi addımlara əl atacaqmı? Məgər bu günədək dünya bunları bilmirdimi? Məgər dünya Azərbaycanda iqtidarın oyuncaq seçkilər yoluyla illər uzunu qəsb edildiyini, xalqın dinc yolla öz hakimiyyətini formalaşdırmaq imkanlarından məhrum edilərək oyundankənar – seytnot vəziyyətə salındığını bilmirdimi? Yaxud bunu indi bilsələr nə dəyişəcək ki? Digər tərəfdən, İsa bəy həqiqətənmi bunu ən uğurlu metdo hesab edir? Axı istər cəmiyyət, istər də hakimiyyət bu cür mübarizə formasını acizlik nümunəsi kimi anlaya bilər. Məsələn, tutaq ki, hakimiyyət may ayınadək, konkret olaraq Novruz bayramı münasibətiylə həmin məhbusları azad etdi, ancaq kim zəmanət verəcək ki, “Eurovison” bitər-bitməz onların yerinə başqalarını şərləyib həbsxanalara doldurmayacaqlar? Bu baxımdan, hesab edirik ki, problemin həllinin bu cür qoyulması kifayət qədər qüsurludur və belə yanaşma əslində mübarizənin effektivliyini azalda bilər. Odur ki, seçimi düzgün müəyyənləşdirmək lazımdır.
Yeri gəlmişkən, bu günlərdə qurultay keçirmək üçün hakimiyyətdən münasib yer ala bilməyən Müsavata ADP sədri Sərdar Cəlaloğlunun təklifinə adıçəkilən partiya mənsubları tərəfindən qeyri-normal yanaşma sərgilənib. Bunun özü də ondan xəbər verir ki, müxalif düşərgə əslində hansı mübarizə vasitələrinin gərəkli olduğunu müəyənləşdirə bilmədiyinin fəsadlarıyla üz- üzədir. Sərdar Cəlaloğlu bildirmişdi ki, müxalifət vacibliyi baxımından vəzifələri düzgün müəyyənləşdirə bilmədiyinə görə bu vəziyyətə düşüb. Onun fikrincə, əgər ölkənin ən iri müxalifət partiyasının gücü qurulatayı üçün yer almağa yetmirsə, “müxalifətin gücü” dedikdə nəyin nəzərdə tutulduğunu bir daha nəzərdən keçirmək lazımdır.
Göründüyü kimi, artıq ölkənin ən aparıcı müxalifət partiyası da nəinki hakimiyyətə qarşı dirəniş göstərmək, hətta hansısa bir qapalı məkanda öz qurultayını keçirmək, bunun üçün tələb etdiyi məkanı əldə etmək iqtidarında da deyil. Bir sözlə, artıq müxalifət iqtidar qarşısında o qədər aciz duruma düşüb ki, nəinki hakimiyyət, hətta adicə zal uğrunda mübarizədə belə öz istəklərini reallaşdıra bilmir. Yəni bir sözlə, müxalifət hakimiyyətin cızdığı dairədən kənara çıxmaq iqtidarını itirib. Belə bir şəraitdə İsa Qəmbərin məlum müraciətini hakimiyyət acizliyin etirafı kimi qiymətləndirə bilər. Digər yandan, hakimiyyətə qarşı mübarizədə müxalifət elə bir xətt götürməlidir ki, dövlətin imici də zərbə altına düşməsin. Məsələn, bu gün hətta qarşı tərəf bu addımı gücsüzlüyün etirafı kimi məsxərəyə qoysa belə, müxalifət “Eurovison” yarışması dönəmində hakimiyyət uğrunda mübarizədə fasilə elan edildiyini bəyan etsə, daha doğru olardı. Həzrət Əli də buyurur ki, biriləri sizlərə pislik etməkdən yorulmursa, siz nədən onlara yaxşılıq etməkdən usanasınız?…
Zülfüqar






Tweet This
Share on Facebook
Digg This
Save to delicious
Stumble it
RSS Feed