Irandan Azərbaycana milyardlar “axır”


Müharibə təhlükəsi İran rəsmilərini ciddi əndişəyə salıb; onlar öz pullarını ölkədən çıxarırlar

Azərbaycanda dünyanın ən böyük göydələninin tikiləcəyi haqda mətbuatda çoxsaylı informasiyalar dərc olunub. Məlumata görə, “Khazar Island” (“Xəzər adaları”) layihəsi çərçivəsində tikiləcək “Azerbaijan Tower” (“Azərbaycan qalası”) adlı binanın tikintisi “Avesta” konserni tərəfindən aparılcaq. Sözügedən şirkətin rəhbəri Hacı İbrahim Nehrəmli Xəzər dənizində yaradılan 50-yə yaxın süni adada inşa olunacaq “Khazar Island”ın smeta dəyərinin 60 milyard dollar olacağını bildirsə də, Rusiya mətbuatı bu layihənin təxminən 2 dəfə artıq məbləğə, yəni 125 milyard dollara başa gələcəyini açıqlayıb.

Qeyd edək ki, Qaradağ rayonunun Sahil qəsəbəsində dənizin içərisində yaradılacaq süni adalarda hündürlüyü 1 kilometrdən çox olan “Azerbaijan Tower” ilə yanaşı, təxminən 1 milyon adamın yaşaması üçün nəzərdə tutulan yaşayış kompleksləri, eləcə də ticarət-əyləncə obyektlərinin də inşa edilməsi planlaşdırılır. Artıq dəniz həmin ərazidə bir neçə kilometr doldurulub. Şəhər hələ dənizin içərilərinə doğru daha 8 kilometr uzanacaq. Hazırda dənizin torpaqla doldurulmuş hissəsində bir neçə yaşayış binası tikilməkdədir.

Yeri gəlmişkən onu da qeyd edək ki, bu layihə haqda “Avesta” konserninin rəhbəri hələ ötən ilin sonlarında mətbuata məlumat vermişdi. Həmin vaxt o, layihənin kompüter qrafikası ilə hazırlanmış görüntülərindən ibarət kataloqu da paylamışdı. Əvvəlcə o, süni adaların birində təxminən 600 metr hündürlükdə göydələn inşa etmək planları haqda danışmışdı. Lakin cəmi bir neçə həftə sonra iş adamı planlarına yenidən baxdı və elan etdi ki, onun inşa edəcəyi göydələn dünyada ən hündür olacaq – düz 1050 metr! Hacı İbrahim Xəzərdə yaradılacaq süni adaların sayının da artırılacağını açıqlamışdı.

Artıq şəhərin bir hissəsində restoranlar, əyləncə mərkəzləri, ictimai-iaşə obyektləri tamamlanmaq üzrədir. Şəhərə gedəcək yolların kənarına isə bir neçə cərgə iripalmaağacları əkilib. Yeni salınan şəhərin ərazisi 2 min hektarı əhatə edir. Şəhərcik “baş ada”dan, iki paralel xətlə uzanan tikililərdən, çoxmərtəbəli binalar və villalar üçün ayrıca irili-xırdalı adalardan ibarətdir. Kompleksi 20-yə yaxın körpü birləşdiriləcək. Ümumilikdə isə bu layihənin 2016-ci ildə yekunlaşdırılması nəzərdə tutulur.

İndiyə qədər görülən işlərə 1 milyard manatdan çox pul xərclənib. Şirkət rəhbərinin dediyinə görə, şəhərdəki ilkin mərhələ üçün nəzərdə tutulan 1100 yaşayış mənzili “Avesta” konserninin vəsaiti hesabına tikəcək. Qalan işlərin aparılması üçün xarici sərmayəçilər cəlb ediləcək: “Bu ilin martından da xarici investorların gəlməsi gözlənilir”.

Xatırladaq ki, hazırda dünyanın ən hündür binası Dubaydakı “Burc Xəlifə” göydələnidir. Onun hüdürlüyü828 m,163sm-dir. Bu baxımdan, Azərbaycanda tikiləcək 1050 metrlik göydələn dünya mətbuatının diqqətini cəlb edib. Belə ki, indiyə qədər Rusiya mətbuatı ilə yanaşı “The Wahsington Post”, “The New York Times”, “The Financial Times” kimi nüfuzlu qəzetlər, “Forbes” jurnalı, “Bloomberg” agentliyi, hətta ərəb KİV-lərində belə Xəzərdə inşa ediləcək göydələn barədə çoxsaylı informasiyalar dərc olunub.

azadlıq.info xəbər verir ki, hətta bugünlərdə “Azerbaijan Tower” göydələni Rusiya mətbuatında məsxərə mövzusu olub. Belə ki, “Vesti”, “Qudok”, “Biznes stil” qəzet və portalları  dünyanın ən hündür binası Bürc-Xəlifədən  sonra 1050 metrlik göydələnin ucaldılmasını fantastik, həm də milyardların çölə atılması kimi xarakterizə ediblər: ““Biznes stil”in yazdığına görə, 2 min hektar ərazidə  yaradılacaq 41 süni ada sonradan ekoloji problemlər də yarada bilər. Şirkətin baş investoru “Avesta Consern” açıqlayıb ki, göydələnin tikintisinə 2 milyard dollar ayrılacaq. Bütün şəhərcik isə ilkin hesablamalara görə 100 milyard dollara başa gələcək… Konsern bu arxipelaqda hətta universitet açmaq istəyir. “Formula-1“ yarışları keçirmək üçün trek də tikmək niyyətindədir. Arxipelaqın aeroportu da olacaq. Cəmi40 kmaralıda yerləşən beynəlxalq aeroportdan sonra bu aeroport nəyə lazım olduğu bəlli deyil… “.

Bu arada məlum olub ki, Səudiyyə Ərəbistanı Azərbaycanı qabaqlamaq istəyir. Ərəb şeyxləri 2019-2022-ci ilədək “bizim göydələn”dən 11 metr hündürünü tikməyi planlaşdırırlar. “Görək, Azərbaycan “planka”nı neçə metr qaldırmaq fikrindədir” – azadlıq.info sual edir.

Göründüyü kimi, dünya mətbuatı Azərbaycanda ən hündür göydələnin ucaldılması layihəsinin icrasını böyük maraqla izləyir. Ən maraqlısı isə odur ki, bütün mətbu orqanlar daha çox 1050 metr hündürlükdə “Azerbaijan Tower”in Xəzər dənizi kimi seysmoloji cəhətdən aktiv bir zonada tikilməsinə şübhə ilə yanaşırlar. Lakin istər xarici, istər də yerli mətbuat “Khazar Island” layihəsinin tikintisinə sərf olunacaq 125 milyard dolların mənbəyini axtarmaqda maraqlı deyil. Əlbəttə, hər zaman olduğu kimi, bu layihənin guya hansısa ölkələrə məxsus şirkətlərin vəsaiti hesabına başa çatdırılacağı irəli sürülür. O cümlədən, burada bir neçə ölkənin adı da çəkilir. Lakin “Hürriyyət”in əldə etdiyi məlumata görə, bu layihə daha çox çirkli pulların yuyulması məqsədi daşıyır. Belə ki, buraya hətta İran hakimiyyətində təmsil olunan bəzi məmurların da milyardlarla dollar yatırdığı iddia olunur.

Bu haqda məlumat verən mənbə qeyd edir ki, son vaxtlar İranda müharibə təhlükəsinin artması bir çox yerli məmur və oliqarxları öz pullarını xaricə çıxarmağa məcbur edib. Bu pulların bir hissəsi də məzh Azərbaycana “axıdılır”.

Mənbə bildirir: ““Avesta” konserni kimi Azərbaycanda o qədər də populyar olmayan bir şirkətin “Khazar Island” layihəsinə milyardlarla dollar xərcləməsi mümkünsüzdür. Çünki bu şirkətin hesabında elə böyük məbləğ ola bilməz. Eyni zamanda, bu iş üçün istər yerli, istər də xarici banklardan belə yüksək məbləğdə kreditlərin alınması da imkansıdır”.

Mənbə vurğulayır ki, Hacı İbrahimin bu layihəyə yatırdığı pulların bir hissəsi vaxtilə İranda yüksək nüfuz sahibi olan məmurlardan birinə məxsusdur: “Əlbəttə, mən deyə bilmərəm ki, layihəyə sərf olunan pulların hamısı həmin iranlı məmura aiddir, çünki bu layihə Azərbaycanda bəzi məmur-oliqarxlar üçün də öz çirkli pullarını “yumaq” üçün əlverişli imkanlar yaradıb. Lakin bu iş üçün İran hakimiyyətində təmsil olunan bəzi məmurların ölkədən kifayət qədər vəsait çıxardığı haqda məlumatlar var”.

Mənbə iddia edir ki, Hacı İbrahimin bir sıra iranlı iş adamları, o cümlədən əvvəllər və indi İran hakimiyyətində təmsil olunan bəzi məmurlarla yaxın əlaqələri mövcuddur. Onların bəziləri öz pullarını məhz Hacı İbrahimin vasitəsilə ölkədən çıxarırlar…

TURQUT

Mövzunu davam etdirəcəyik. Qarşı tərəfin mövqeyini də dərc etməyə hazırıq.   

Leave a Reply