Bakının Gülən hərəkatına münasibəti


İlham Əliyev administrasiyası Gülənin hərəkatına daha ehtiyatlı yanaşmağa üstünlük verir…

Türkiyə ilahiyyatçısı Fətullah Gülən tərəfindən əsası qoyulan ictimai-siyasi və dini hərəkat Azərbaycan ərazisində çoxlu təhsil müəssisələrindən ibarət şəbəkə yaradıb. Azərbaycanda “nurçular”kimi tanınan, bir vaxtlar ölkədə dövlət quruculuğunda mühüm töhfə verdiyi düşünülən Gülən hərəkatına bu Zaqafqaziya respublikasında ehtiyatlı münasibət yaranıb.

Azərbaycanda dinin rolu ətrafında qarşıdurmada Türkiyə ilahiyyatçısı Fətullah Gülənin hərəkatı cəhd edir ki, özünü Bakıya mötədil, siyasi məqbul islam kimi təqdim etsin. Amma bir sıra amillər bu məqsədə çatmaqda Gülənə mane olur.

Azərbaycanda “nurçular” kimi tanınan Gülənin hərəkatı özünün təhsil proqramları ilə çox məşhurdur. 1990-cı illərin əvvəllərində hərəkat Azərbaycanda fəaliyyətə başlayanda məmurlar onu yaxşı qarşıladılar. Onda hakimiyyət islam missioner fəaliyyətinə yox, ümumtürk milli əlaqələrinə əsaslanan milli siyasətə üstünlük verirdi.

O vaxtkı prezident Heydər Əliyev mədəni ünsürü Azərbaycan dövlətçiliyinin quruculuğunda və Türkiyə-Azərbaycan birliyinin möhkəmlənməsində mühüm töhfə sayırdı. O vaxtlar Türkiyə cəmiyyətində dünyəvi və dini seqmentlərin təmsilçilərinin özləri aralarında ziddiyyət olsa da, onlar Ankara ilə Azərbaycan və Orta Asiya dövlətləri arasında əlaqələrin möhkəmlənməsində əməkdaşlıq edirdilər. Bu tendensiyanı yaxşı anlamaq üçün Boston Şimal-Şərq Universitetinin professoru Berna Turamın “Dövlətlə islam arasında” (Between the State and Islam) adlı yazısı ilə tanış olmaq faydalıdır.

Bu gün Bakının yanaşması dəyişib. Hazırkı Azərbaycan prezidenti İlham Əliyevin administrasiyası Gülənin hərəkatına daha ehtiyatlı yanaşmağa üstünlük verir.

Bu cür dəyişikliyin izahlarından biri Türkiyənin özündəki siyasi hadisələrdir. Əliyevin dünyəvi administrasiyası 2002-ci ilə kimi hakimiyyətdə olan kamalçı Türkiyə ilə münasibətdə özünü daha rahat hiss edirdi. Hesab edilir ki, AKP Gülənlə sıx əlaqədədir, bu isə Bakını qayğılandırır. AKP-nin on ilə yaxın hakimiyyəti dövründə Türkiyənin dünyəvi dövlət modeli xeyli laxlayıb. Müvafiq olaraq, Əliyev özünə sual verə bilər ki, Azərbaycanın dünyəvi siyasi rəhbərliyinə Ankaranın dəstəyi nə qədər möhkəm olacaq.

Azərbaycanda hakimiyyət öz baxışlarından fərqli görüşlərə daha az dözümlü yanaşır. Bu, istənilən xarici dini təsiri məhdudlaşdırmaq cəhdləri ilə nəticələnir.

Doğrudur, müşahidə edilən tendensiyalara baxmayaraq, AR hakimiyyətinin Gülən hərəkatına açıq hücum edəcəyi az ehtimal edilir. Bir tərəfdən, Türkiyədə bu hərəkatın artan təsirini nəzərə alanda bu addım Bakının Ankara ilə strateji münasibətlərinə təhlükə yarada bilər. Digər tərəfdən, hərəkat çox uğurlu təhsil müəssisələri şəbəkəsi yaradıb. Orada, əldə olan məlumatlara görə, bir çox nüfuzlu vəzifəli şəxslərin, o cümlədən Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin oğlu oxuyur. Daha bir səbəb ondan ibarətdir ki, Azərbaycan hakimiyyəti təmsilçilərinin Gülən hərəkatının şirkətləri ilə işgüzar əlaqələri olduğu deyilir. Azərbaycanda müstəqil KİV olmadığı üçün bu faktı dəqiqləşdirmək mümkünsüz görünür.

Dünyəvi model tərəfdarları və vətəndaş cəmiyyəti təmsilçiləri bu hərəkata vahid yanaşma işləyib hazırlamayıb. Onlardan bəziləri, məsələn, Arif Yunus hesab edir ki, müasir təhsilə və dinlərarası dialoqa bu qədər fikir verən hərəkatı daha mühafizəkar və radikal islam cərəyanlarına qarşılıq dəstəkləmək lazımdır.

Bir başqaları bu yanaşmanı çox nikbin hesab edir. Hərəkatın üzdəki obrazı tolerant və plüralist görünsə də, səhnə arxasında daha az dözümlü görünür. Məsələn, Gülən məktəbinin yataqxanalarında və onun şirkətlərində gender ayrı-seçkiliyi var və qadınlar tabe vəziyyətdədir. Pansion tipli məktəblərdə şagirdlərin mömin müsəlman ruhunda tərbiyəsi şəxsiyyət azadlığı və azad həyat tərzi seçiminə qarşıdır. “WikiLeaks”də verilən sənədlərə əsasən, Gülən hərəkatının məktəbində oxuyan bir şagird həyat yoldaşı seçməkdə hərəkat təmsilçiləri ilə razılaşmayaraq məktəbi tərk edib.

Bundan başqa, Azərbaycanın bir sıra liberal dairələrini, onların sözlərinə görə, bu hərəkatın opportunizm və riyakarlığı qane etmir: 2011-ci ildə Azərbaycanda söz və toplaşma azadlığına hücum başlayanda Gülənin ruporu olan “Zaman” qəzeti bir sıra məqalələr verərək, ölkə rəhbərliyinin “uzaqgörənliyini” təriflədi. Bu cür qiymət vətəndaş cəmiyyəti fəallarını sarsıtdı. Hərçənd hərəkatın təmsilçiləri Türkiyə və başqa ölkələrdə demokratiya ideyalarını dəstəklədiyini deyirlər. Ümumilikdə bu məqalələri Gülən hərəkatının Bakıda özünün təhsil və işgüzar layihələrinə yaxşı münasibət yaratmaq üçün abırsız bicliyi kimi qiymətləndirdilər.

Bundan başqa, Bakı liberallarını “Ergenekon” və başqa qalmaqallı işlərdə hərəkatın fəal yardımı da ehtiyatlandırır. Bu işlər çərçivəsində yüzlərlə insan, o cümlədən hakimiyyəti tənqid edən jurnalistlər də həbs edilib. Onların bəzilərinə qarşı saxta ittihamlar irəli sürülüb.

Bakıda isə Gülən hərəkatının ölkənin dini həyatının başqa əsas iştirakçıları ilə gərgin münasibətləri var. İrandan ilhamlanan radikal şiələr bu hərəkatı passiv və konformist hesab edir. Onu demək kifayətdir ki, məktəblərdə hicaba qadağaya qarşı etiraz aksiyalarında şiələr iştirak edəndə gülənçilər onlara qoşulmadı. Başqa tərəfdən, sələfilər onların texnoloji və dini yeniliklərdə entuziazmından narazıdır. Səudiyyə Ərəbistanından ilhamlanan bu puritanlar bunları yolverilməz sayır.

Mənaya görə yox, sıraca sonuncu odur ki, türkçülük və islama xüsusi diqqət əsasən Bakıda rusdilli ziyalıları qane etmir. Onların sırası daralsa da, cəmiyyətdə böyük nüfuza malikdirlər.

Vaxtaşırı uğursuzluğa baxmayaraq, Gülən hərəkatı səmərəli şəbəkə qura bilib. Buraya keçmiş məktəb məzunları, bir sıra məmurlar və hərəkata rəğbət göstərən biznesmenlər daxildir. Onların nisbətən mülayim islamı və türk millətçiliyi Azərbaycanda xeyli çox adamın, o cümlədən gənclərin qəlbinə yol tapır. Onlar bu hərəkatda Əliyev administrasiyası və İran tipli islama alternativ görürlər. Amma özündə liberal dünyəviləri, dünyəvi dövlət prinsiplərinə əsaslanan ziyalıları, şiə və qeyri-türkləri birləşdirən Azərbaycan cəmiyyətinin plüralist xarakteri ölkədə bu hərəkatın ideyalarının yayılmasına təbii əngəl kimi çıxış edir.

Eldar Məmmədov

Avropa Parlamentinin sosial-demokrat fraksiyasının siyasi məsləhətçisi

 

Leave a Reply