Azərbaycan ordusunu parçalamaq planı
Yeni yaradılan qurum Milli Ordunun gücünü və səlahiyyətlərini məhdudlaşdırmaq məqsədi daşıyır?
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətininin yaradılması artıq bir həftədir ki, ölkə gündəmini məşğul edib. Diqqəti cəlb edən əsas məqamlardan biri bu səlahiyyətin Müdafiə Nazirliyindən alınaraq müstəqil fəaliyyət qurumuna verilməsi, bunun nə qədər düşünülmüş və effektli ola biləcəyi ilə bağlıdır. Digər məqam isə bu quruma rəhbərlik edəcək şəxslərin bu sahədə peşəkarlığı, üzərlərinə qoyulmuş çoxlu sayda mühüm vəzifələrin öhdəsindən hansı keyfiyyətlə gələ bilmələridir. Hansı ki, bu haqda müxtəlif fikirlər artıq sosial şəbəkələrdə də müzakirə mövzusuna çevrilib. Belə ki, dünən Ayxan İldırımtürk adlı istifadəçi Facebook-da bu məsələ ilə bağlı şok faktlar açıqlayıb. Onun mövzu ilə bağlı geniş yazısını özünün razılığı ilə heç bir ixtisar aparmadan dərc edirik:
Hərbi çağırış və Səfərbərlik Xidmətinə Facebook baxışı
Əvvala, onu bildirim ki, yeni yaradılan Hərbi çağırış və Səfərbərlik Xidməti ilə bağlı bəzi səhih məlumatlara malik olduğumdan fikirlərimi sosial şəbəkələrdə dostlarla paylaşmaq istədim. Məqsədim də mətbuatda gedən açıqlamalardan fərqli və doğru olanı diqqətlərə çatdırmaqdır…
Əgər fikir verdinizsə, bu qurum yaradılar-yaradılmaz dərhal müəyyən qütblərdən bu addımı dəstəkləyəcək bəzi çatlaq səslər ucalmağa başladı. Bu müxtəlif səviyyələrdə, Milli Məclis deputatlarından tutmuş çox kiçik qismi istisna olmaqla hərbi ekspertlərə qədər. Sankı bunu çoxdan gözləyirlərmiş kimi bu addımı təqdir edir, ciddi islahat olaraq qələmə verir və müsbət nəticələr verəcəyini vurğulayırlar. Ancaq bu fəqir bəndəniz bunu səmimi saymır və korporativ maraqlara xidmət etdiklərini və ictimai fikri yönləndirmək üçün konkret sifariş yerinə yetirdiklərini düşünürəm. Nədən bu qənaətə gəlmişəm? Bu insanların fəaliyyəti boyu çıxışlarına baxsanız, görərsiniz ki, ordu və rəhbərliyi haqda mənfi fikir formalaşdırmaq üzrə ixtisaslaşmış adamlardır və buna görə maddi və fəaliyyət yönündə müəyyən imtiyazlara malikdirlər. İndi üzümü onlara tutub sual edirəm: “Siz bu qurumun ordudan kənar müstəqil fəaliyyətini hansı kriteriyalarla ölçdünüz ki, məlum yeniliyin islahat və müsbət nəticələr verəcəyini düşünürsünüz”? Əgər bu səlahiyyətlərin ordudan alınmasını Müdafiə Nazirliyi rəhbərliyinin mövqelərinin zəiflədilməsi yönündə strateji alt niyyətlərinizə xidmət kimi dəyərləndirirsinizsə, yazıqlar olsun. Çünki əsas olan barmağa deyil, hədəfə baxmaqdır. Hər şey ordunun sükanının arxasındakı şəxsin kimlik, şəxsiyyət və səlahiyyətlərinə deyil, onun hizmət etdiyi gücün qüdrətinə yönəlməlidir. Daha orduya ayrılacaq büdcənin böyüklüyü, ona nəzarət uğrunda ağılalmaz mübarizə deyil. Bu mübarizə hansı tərəfdən baxsan orduya zərər verir. Müstəqil xidmətin yaradılmasını təşkil edənlər də onun kimi. Çünki müharibə şəraitində olan bir ölkədə bu cür heç bir ciddi əsası olmayan strukturun yaradılması hansı müsbət yönə xidmət edə bilər? Regionda İranla bağlı ciddi münağişə ocağının körükləndiyi bir şəraitdə Qarabağ və digər düşmən cəbhələrdə Azərbaycanımızı gözləyən təhlükələri necə gözardı edə bilərsiniz? Yaxud, ola biləcək hərbi münaqişənin bizim ərazimizə də sıçradığı təqdirdə heç bir peşəkarlığı olmayan, naşı Xidmət rəhbərliyi ilə səfərbərlik necə təşkil olunacaq? Bəllidir ki, bu Xidmət müstəqil olsa da, yalnız ordu ilə koordinasiya olunmuş şəkildə fəaliyyətini tənzimləyə bilər. Ancaq hələ arx gəlməmiş, xidmət rəhbəri Arzu Rəhimov bütün komissarlıq heyəti ilə ilk toplantısında ordunu aşağılayacaq ifadələrə yer verib. Bildirib ki, bizimlə işləmək istəməyənlər orduya qayıdıb, xidmət edə bilərlər. Hələ başlamamış özünü ordudan da yuxarı, üstqurum kimi təqdim etmək nə anlama gəlir və hansı mesajı daşıyır? Bəlkə komissarlara bu qurumda işləməyə layiq olmaq istəyən “xoşbəxtlərin” hansı doğanaqdan keçəcəklərinə bir işarə verilir? Buna layiq olmayan “bədbəxtlərə” isə gedəcəkləri yer, yəni özlərindən aşağı və cəza aləti hesab etdikləri ordunu nişan verirlər? Elə belədirsə, bu, nə yanaşma, nə təfəkkür tərzidir? Vətən uğrunda döyüşmək, hizmət etmək nə vaxtdan cəza aləti olaraq görülüb? Doğrudur, vətən uğrunda döyüşmək, şəhid olmaq isti kabinetlərdə oturub, pul kisələrini doldurmaq qədər asan və cəlbedici deyil. Amma şərəflidir.
Başqa tərəfdən, Arzu Rəhimov Miqrasiya Xidmətinə rəhbərlik edərkən hansı təmizlik və yüksək idarəetmə keyfiyyəti ilə iz qoydu ki, ölkə və region üçün həssas məqamda onun Hərbi Çağırış və Səfərbərlik xidmətinə rəis göndərilməsi orduda islahatlar və müsbət tendensiya kimi dəyərləndirildi? Məsələyə bu kontekstdə yanaşılsa və azacıq da olsa, səmimi olsalardı bəh-bəh deyənlərin sayı nidiki kimi deyil, minimum olardı. Çünki hər şeyin icrası enində-sonunda subyektiv amilə və ən mükəmməl konsepsiya belə insan faktoruna bağlıdır. Ona görə də arx gəlməmiş hoppanaraq hop deyənlərin arqumentləri bu sualların qarşısında asanlıqla əriyir və görünməzlərin maddi və siyasi maraqlarına bağlanır. Ancaq istənilən halda bu sualların cavabını prosesi bilən və izləyən tərəfsiz insanların vicdanına və ixtiyarına buraxıram.
Arzu Rəhimovun təyinatında kimlər rol alıb?
“Azadlıq” qəzetinin yazdığına görə yeni Xidmətə rəis təyin olunan general Arzu Rəhimov Prezident Aparatının rəhbəri Ramiz Mehdiyevin qohumudur. Bizdə olan məlumata əsasən Arzu Rəhimov Naxçıvanın Şərur rayonundandır ki, bu da “Azadlıq”ın yazdığında həqiqət yükünün çox olduğunu göstərir. Digər tərəfdən, PA rəhbərinin oğlu Teymur Mehdiyevin Miqrasiya Xidmətində yeni vəzifəyə təyin olunandan Arzu Rəhimovun müavini olduğunu da diqqətə alsaq, bu informasiyanın doğru olduğu xeyli əsaslı görünür. Bu informasiyalar Arzu Rəhimovun təyinatında hansı gücün daha çox rol alması baxımından da əhəmiyyətlidir. Başqa informasiya görə, Arzu Rəhimovun təyinatında Fövqəladə Hallar Naziri Kəmaləddin Heydərovun da iştirakı aparat rəhbərindən az olmayıb. Bu məlumatların inandırıcılığı həm də ona görə yüksəkdir ki, həmin gücün ordunu öz nəzarətilərinə salmaq istəkləri 3-5 ilə dayanmır. Yeni qurumun yaradılması ilə ordunun müəyyən səlahiyyət çərçivəsinin daraldılması da göstərir ki, bu güc ordunu hissəyə bölməklə təsirsiz hala gətirmək və nəzarətə almaq istəyindədir. Belə olduğu təqdirdə, kim nə deyirsə, desin, bu gücün ölkə prezidenti üçün ən böyük baş ağrısı və təhlükəyə çevriləcəyini düşünürəm.
Azərbaycanda döyüşən ordu generallarının əvəzinə, kabinet generallarının sayı artır
Hakimiyyətə yaxın bəzi mənbələrin verdiyi informasiyaya görə, yaxınlarda Xidmətə daha dörd nəfər müavin təyin olunacaq ki, sonradan onların ali rütbəsi olmayanlara general rütbəsi veriləcək. Yəni, kabinet generallarının sayı daha dörd nəfər artacaq. Elə bir fikir yaranmasın ki, generalların sayının artmasına qarşı məndə hansısa qıcıq var. Sadəcə məni düşündürən sual nədən doyüşən orduda general rütbəsinin verilməsinə qısqanclıq varkən, kabinet generallarının sayı ədədi silsilə ilə artırılır və konkret statusla vəzifələr verilir. Bu kimə və nəyə görə lazımdır? Məncə, bu barədə düşünməyə dəyər və bu haqda qərarı da ciddi oxucuların ixtiyarına buraxıram.
Əliniz cibinizdə olsun hörmətli valideynlər!
Çağırış sistemi sovet dönəmindən bəri gəlirli sahə kimi yadda qalıb. Müstəqillikdən sonra da bu mahiyyət dəyişmədi. Dəyişən sadəcə sovet rublunun ABŞ dollarına, sonra da Azərbaycan manatına transferi idi. Müstəqillikdən sonra Komissarlıq sənəddə Müdafiə Nazirliyinə tabe olsa da, mahiyyətdə hakimiyyətdəki başqa güc mərkəzinin himayəsində olduğundan qeyri-rəsmi müstəqil idi. Hər şeyin nizamnaməyə uyğun olması üçün MN rəhbərliyi ilə Baş Komissar Əliağa Hüseynovun arasında gedən mücadilə qısamüddətli olsa da, ordu rəhbərliyi separat strukturu həqiqi mənada ana qurumun tabeçiliyinə qaytardı. Bundan sonra da asan olmadı və çağırış sisteminin iştah artıran “yemləri” Qərargah rəisi və onun tabeçiliyindəki bəzilərinin başını gicəlləndirdi. Bu da uzun sürmədi və iştahı qabaranlara pəhriz qoyuldu və çağırış sistemi xüsusi nəzarətə götürüldü və son bir ili nəzərə alsaq rüşvət bitti. İndi sual olunur: “Rüşvət sona yetdiyi yerdə ot bitdiyi halda, nədən bu səlahiyyətlər alınaraq bu sistem ot bitməz sahəyə sürüklənir”? Demək, məsələ korrupsiya ilə mübarizə haqda deyil. Yox əgər bununla bağlı qurumdaxili mübarizədən gedirsə, günahkar tərəfi, yəni Qərargah rəisi Nəcməddin Sadıqovu vəzifədən götürməklə bu işə yardım və həll etmək olardı. Hansı ki, cəmiyyətdə Nəcməddin Sadıqovun hələ də qeyri-müəyyən səbəblərdən vəzifədə saxlanılması anlaşılmazdır. Demək, məqsəd başqadır və ən azından islahatların keçirilməsinə xidmət etmir. Hiss olunur ki, bitmiş rüşvət kimlərisə qane etmir və bu “potensialı” əldən vermək istəmirlər. Yəni bu sahənin yenidən “aktiv” hala gəlməsi üçün artıq kisələrin ağzının açıldığını iddia etmək olar. Bunu yaxın zaman göstərəcək. Əliniz yenidən cibinizdə olsun hörmətli valideynlər!.
Ekspert rəyi
Qeyd edək ki, yazıda iddia olunan fikirlərlə bağlı “Hürriyyət”in əməkdaşı “Hərbi Jurnalistlər” İctimai Birliyinin sədri polkovnik Üzeyir Cəfərovun da münasibətini öyrənib. Ekspert, söylənilənlər gerçəkləşəcəyi təqdirdə bunun Azərbaycan hərbisi üçün növbəti arzuolunmaz hadisələrdən biri olacağını vurğuladı: “Əgər belə bi şey baş verəsə, biz buna öz qəti etirazımızı bildirəcəyik. O xidmət axı nə böyülüküyndə bir qurumdur ki, onun rəhbərindən başqa 4 nəfər də generalı olsun? Onsuz da Azərbaycanda generalların sayının sıravi heyətin sayına çatmasına az qalıb. Əgər deyilənlər reallaşsa, bu, o demək olacaq ki, bəzi şəxslər yaranan vəziyyətdən istifadə edərək özləri üçün qazanc və karyera yeri formalaşdırmağa çalışırlar. Bu, qətiyyən yolverilməzdir. Hesab edirəm ki, həm ölkə başçısı, həm də müvafiq qurumlar buna qarşı öz etirazını bildirməlidir. Belə olmaz”.
Ekspertin qənaətincə, bu gün Azərbaycanda elə hərbi birlik və xidmətlər var ki, onların başında dayanan şəxslərə general rütbəsi verməyə əsla lüzum yoxdur: “Bizdə elə yerlər var ki, orada xidmət edən şəxsi heyətin sayı minə çatmır, amma onun başında dayanan şəxs generaldır. Sizə bununla bağlı bir nümunə də göstərə bilərəm. Naxçıvaniski adına hərbi litseyin Naxçıvan filialı tabor boyda olsa da, onun rəisi general-mayordur. Bu şəxs pensiyaya çıxandan sonra buna general məvacibi qədər müavinət veriləcək. Bu gün Azərbaycanın neft pulları var deyə, bunu sağa-sola nə üçün dağıtmalıyıq? Bu pullardan məqsədyönlü şəkildə istifadə etmək lazımdır. Əvvəla bu qurumun yaradılmasına ehtiyac yox idi. Sadəcə olaraq, hərbi komissarlığın fəaliyyətini təkmilləşdirmək lazım idi. Lakin buna baxmayaraq, belə bir qurum yaradıldı. Indi isə orada birdən-birə müavin postunda çalışan 4 generalın olması məsələsi gündəmə çıxıb ki, bu da yolverilməzdir. Ola bilsin ki, Arzu Rəhimov bu məsələdə özünə general-polkovnik rütbəsi almaq üçün bir şans görür. Deyilənlər reallaşarsa, biz buna öz qəti etirazımı bildirəcəyik”.
Ekspert qurumun hazırlıq səviyyəsi ilə bağlı da yüksək fikirdə olmadığını qeyd etdi. Ü.Cəfərovun sözlərinə görə, hələlək məlum qurum öz fəaliyyətinə başlamasa da, artıq indidən məntiqi baxımdan bəzi mülahizələri əsas tutaraq bu qurumun hərbi təhlükə vaxtı sürətli səfərbərlik həyata keçirə bilməyəcəyini iddia etmək olar: “Biz bununla bağlı indidən müəyyən fikirlər bildirsək, o zaman bizi bəzi məsələlərdə günahlandıra bilərlər. Lakin şəxsən mən belə hesab edirəm ki, belə bir səfərbərliyin təşkili məlum qurum üçün çox çətin olacaq. Bu qurum genişmiqyaslı işləri yoluna qoymaqda ciddi çətinliklə üzləşəcək. Mən düşünmürəm ki, sabah Azərbaycan hər hansı bir hərbi təhlükə ilə üzləşərsə, o zaman məlum qurum qısa müddətdə nəhəng səfərbərlik işını lazımi zamanda həyata keçirmiş olsun. Əvvəla bu qurum özü formalaşmalıdır. Formalaşandan sonra isə müəyyən hazırlıqlar həyata keçirməli, öz işini yüksək səviyyədə qurmalıdır. Yalnız bundan sonra söyləmək olar ki, bu qurum hansısa konkret vəzifəni yerinə yetirmək iqtidarındadır”.
Şamil Əlibəyli







Tweet This
Share on Facebook
Digg This
Save to delicious
Stumble it
RSS Feed