“Anam saçlarımı yola-yola səhnəyə gətirdi”
Könül Kərimova: “Mən sülh adamıyam, qalmaqal olan yerdə özümü pis hiss edirəm”
Könül Kərimovanı şou-biznesin ən tənbəl müğənnisi hesab etmək olar. Müğənni özü bunu etiraf edir. O, deyir ki, əgər bu qədər tənbəl olmasaydı, indi sinəsinə döyən bir nömrəli sənətçilərlə çiyin-çiyinə idi: «Əgər tənbəliyim olmasaydı, sənətdə dağı-dağ üstə qoyardım. Bu cəhətimə görə, anam özü qabağa durub mənə dəstək oldu, bəzən tənbəlliyim tuturdu. Sözlə yola gəlməyəcəyimi görüb, saçlarımı yola-yola səhnəyə gətirib. O qədər tənbələm ki, məni aparıcısı olduğum «Bir könülə» verilişindən başqasında nadir halda görmək olar. Amma özünü “birinci” adlandıranları çox görmüşəm, sənətdə naxışları yoxdur, sevilə bilmirlər. Bəzən rastlaşdığım insanlar maraqlanırlar ki, məni başqa verilişlər çağırmır efirə? O qədər çağıran var ki. Hər dəfə nəyisə bəhanə edirəm, yola verirəm, sonra görürəm ki, inciyirlər məndən. Bəzən qalmaqal yaradan verilişlərdən də qaçıram. Bu da məsələnin bir tərəfidir. Mən sülh adamıyam, qalmaqal olan yerdə özümü pis hiss edirəm».
Müğənni bəzi sənətçilərin «az görünməklə unudulmaq olmur» fikrini ilə razılaşmadı. O, deyir ki, bu gün sənət onu tələb edir ki, sənətçi piarı üçün çalışsın. Gündəmini qazansın.
«Kim bunu bacarmırsa, deməli unudulur. Mən də buna az cəhd edənlərdənəm. Neyləyim, dəhşət tənbələm. Amma bunu evdə, mətbəxdə, ailəmə qarşı demək olmaz. Mən səhər çıxıb, gecə evə qayıdan müğənnilərdən deyiləm. Hər gün ailəmə kifayət qədər zamanımı ayırıram. Hərdən ailənin böyük qayğılarını düşünüb, həyəcan keçirirəm. Bir qız, bir oğlum var. Böyüyürlər. Oğlumun 20 yaşı var. Bu gün-sabah evlənmək qərarını verəcək. Qızım ailə həyatı quracaq. Mən özüm 18 yaşında nişanlanıb, bir il sonra ailə həyatı qurmuşam. Cılız bir qız idim. İndiki kimi deyildim. Qohumlar yarızarafatla deyirdilər ki, «bu necə arvad olacaq?». Həmin insanları məəttəl qoydum. Biri-birinin ardınca uşaqlar dünyaya gəldi. Özüm də bir xanım oldum ki, baxanlar deyirdi “maşallah filankəsin gəlininə”. Nəsildə, sinəsini qabağa verən gəlinləri vurub keçdim. Elə əzəldən ailəmə bağlı oldum. Bir iş dalınca gedəndə, ürəyim darıxır, evdən nigaran qalıram, uşaqları, yoldaşımı düşünürəm. Artıq bu, bir vərdişə çevrilib» – deyə müğənni bildirdi.





Tweet This
Share on Facebook
Digg This
Save to delicious
Stumble it
RSS Feed