Alman örnəyi…
Azərbaycanda korrupsioner məmurlardan Kristian Vulf örnəyi tələb etmək mümkündür?
Xəbər verildiyi kimi, Almaniya prezidenti Kristian Vulf adi bir qəzet yazısında onun keçmişi ilə bağlı neqativ bir mövzunun gündəmə gəlməsindən sonra öz vəzifəsindən istefa verdi. Xatırladaq ki, “Bild” qəzetində gedən yazıda Kristian Vulfun Aşağı Saksoniya bölgəsinin qubernatoru olduğu dönəmdə bir işadamından kredit adı altında 500 min avro rüşvət alması faktı gündəmə gətirilmişdi. Məlumata görə, o, Almaniyanın prezidenti seçildikdən sonra həmin işadamı ilə dostluğunu davam etdirmişdir.
“Bild” qəzetində gedən bu xəbərə görə, Kristian Vulf öncə baş redaktora telefon açaraq onu hədələyib, sonradan təkrar zəng edərək həm baş redaktordan, həm də redaksiyadan üzr istəyib. Ən sonda isə Kristian Vulf tutduğu vəzifəsindən istefa verdiyini elan etdi.
Kristian Vulf və “Motovoz Ziya”
Almaniyanın prezidenti Kristian Vulf bəlkə də ömründə ilk və sonuncu dəfə rüşvət almışdı. Nə az, nə çox – 500 min avro. Ancaq bu həcmdə rüşvət Avropanın ən nüfuzlu ölkələrindən olan Almaniyada çox böyük skandallara səbəb olmaqla yanaşı, həm də prezidentin siyasi taleyinə böyük mənada sarsıdıcı zərbə vurdu. İndi baxalım və görəlim Azərbaycanda rüşvət siyasətində durum necədir?
Demək olar ki, ölkə mətbuatı hər gün dövlət büdcəsindən talan edilmiş yüzminlərin deyil, milyonların və hətta milyardların aqibəti barədə tükürpədici məlumatları dərc edir. Lakin yerli bürokratlarımız, nazirlərimiz, dövlət şirkətlərinin rəhbərləri büdcədən oğurladıqları, talan etdikləri vəsaitlərlə bağlı məlumatlara görə nəinki utanıb qızarmırlar, hətta bundan fəxr duyur, qürur hissi keçirirlər. Mətbuatda gedən xəbərlər və araşdırmalarla bağlı bircə dəfə də olsun rəsmi açıqlamalar verməyiblər. Bir neçə il bundan öncəyə qədər adi bir motovoz sürən olan indiki nəqliyyat naziri Ziya Məmmədov Avropada heyrət doğura biləcək hər hansı bir ölkənin nazirindən qat-qat varlı bir şəxs hesab olunur. Bir zamanlar motovozla qonşu Dağıstana balıq qurusu daşıyan Z.Məmmədov indi nəhəng bir oliqarxa çevrilib. Hər kəsə bəllidir ki, “Motovoz Ziya” heç zaman biznesmen olmayıb. Onun bioqrafiyasında oliqarxa çevrilməsi tarixi məhz nəqliyyat naziri vəzifəsinə keçdikdən sonra başlayıb. Yol-nəqliyyat infrastrukturunun yenilənməsi istiqamətində hər il büdcədədən ayrılan yüz milyonlarla vəsaitin ən azından yarısının mənimsənilməsi göz önündədir. Hər il yeni tikilən körpülərin, avtomobil və dəmir yollarının qısa zaman ərzində təmirə dayanması faktı keyfiyyətsiz işin nəticəsi deməkdir. Hələ nəqliyyat şirkətlərindən, taksi xidmətindən və.s. alınan rüşvətlərin miqyası, o cümlədən Ziya Məmmədovun biznes imperiyasına dəniz və hava yollarından gələn gəlir də əlavə olunduqda, ortada fantastik bir məbləği görmək mümkündür.
Milli korrupsiyanın “üç müşketyoru”
FHN naziri Kamaləddin Heydərov, vergilər naziri Fazil Məmmədov və Gömrük Komitəsinin sədri Aydın Əliyev bir zamanlar eyni dövlət stukturunda birgə çalışıblar. Onları həm də məşhur “Üç Müşketyor” anlamı birləşdirib. Aradan xeyli zaman ötsə də, onlar orta əsrlərdə olduğu kimi deyil, indiki Azərbaycan reallığını əks etdirən rüşvət piramidasının cəngavərlərinə çevrildilər. Gömrük Komitəsinin yarıtmaz işindən, orada alınan rüşvətin miqyasından bütün işadamları şikayətçidirlər. Ancaq komitə sədri Aydın Əliyev heç nə olmamış kimi vəzifə səlahiyyətlərini icra etməkdə davam edir.
Fazil Məmmədovun başçılıq etdiyi nazirliyin müfəttişləri bütün vergi ödəyicilərindən əvvəllər ildə bir dəfə əlavə rüsumlar tuturdusa, indi ildə ən azından üç-dörd dəfə əlavə rüşvət qismində töycü yığırlar. Bütün ticarət və iaşə sektoru, istehsalat sahəsi vergi müfəttişlərinin bu töycü yığma əməliyyatlarından boğaza yığıldıqlarını bildirirlər.
İnşaat sektoru isə indi bu sahənin bossuna çevrilmiş Kamaləddin Heydərovun monopoliyasına keçmişdir. Onun rəhbərliyi altında ölkədə heç kim daşı daşın üstünə qoya bilməz. Çünki dərhal hansısa bəşəri faciə baş vermiş kimi fövqəladə hadisələr gündəmə gəlir. Buna görə də, inşaat sahəsində məşğul olanlar çox yaxşı bilirlər ki, hansısa bir binanın alaqapısının (blok) tikintisi üçün alınan icazənin “məzənnəsi” nə qədərdir. Hələ buraya sel daşqınları, təbii fəlakətlər zamanı dövlət büdcəsindən ayrılan milyonların necə və hansı şəraitdə həzmi-rabedən keçməsini də əlavə etsək, korrupsiyanın miqyası daha da çılpaqlığı ilə hər kəsə bəlli olur.
Rüşvət meyarı və hakimiyyətin anatomiyası
Azərbaycan kimi ölkələrin korrupsiya və rüşvət bataqlığına bulaşmasının ən sadə örnəyi bir nazirin onillərlə hakimiyyətdə qalması, bir millət vəkilinin ən azından 4-5 dəfə çağırışla seçilməsi, icra hakimiyyətinin bələdiyyədən üstün olması, məhkəmələrin yuxarı instansiyaların tapşırığı ilə qəraralar qəbul etməsi ilə bağlıdır. Ölkənin elektron KİV-lərində alternativ fikir və mülahizələrin səslənməsinə qoyulan yasaqların 19 ildir davam etməsi isə totalirarizmin əsil mahiyyətindən soraq verir. Bəlli bir zümrənin onillərlə təqlin etdiyi ideyalara cəmiyyətin etinasız qalmasının sirri də bundadır. Çünki, hakimiyyət adına demokratiyadan, insan haqlarından, plürealizmdən ağızdolusu diletatcasına danışanların real həyatda əsl rüşvətxor və korrupsioner olmasını elə onlara qulaq asanlar çox yaxşı bilirlər. Bunun bir sadə örnəyi kimi Qaradağ rayon icra hakimiyyətinin başçısı Süleyman Mikayılovun bölgədəki işadamlarının hüquqlarını pozması və əhalinin mülkiyyətlərinə qeyri-qanuni şəkildə sahib çıxması haqqında elə bugünlərdə hüquqları pozulanlar tərəfindən mətbuata şikayət edilməsini də göstərmək olar. Lakin təəssüf ki, bu insanların məhkəmələrə müraciətlərinə baxmayaraq, rəsmi strukturlar heç nə olmamış kimi davranmaqdadır. Bu təkcə bir rayondakı icra hakimiyyəti başçısının qanunsuz əməlləridir. Faktiki olaraq bütün icra stukturları gündə yüzlərlə belə qanunsuz əməllər törədirlər.
Məşhur qanqster, ölkədə ən dəhşətli, türkürpədici cinayətlər törətmiş polkovnik Hacı Məmmədov öz məhkəməsində səmimi şəkildə etiraf edib: “Mənim törətdiyim cinayətlərin miqyası heç kəsə bəlli olmayan vəhşətlərin yanında çox xırda görünür. Məhkəmənin gücü çatırsa, zəhmət çəkib məndən qat-qat böyük olan osminoloqların əməllərini də araşdırsın”. Hakimlər və prokuror isə böyük osminoloqların kimlərdən ibarət olması barəsində heç bir məhkəmə araşdırması aparmadılar.
19 ildir hakimiyyəti məngirləmiş siyasi rejim ölkədə bələdiyyə, parlament, hətta prezident kürsüsünü heç bir siyasi güclə bölüşmək fikrində olmadığını nümayiş etdirməkdədir. Buna görə də, onlar cəmiyyətdə təkcə siyasi proseslərdə deyil, iqtisadi və sosial sferada da alternativ ola biləcək nələr varsa, hamısını inkar yolunu tutmuşlar. Hətta bu inkar siyasətindən qürur duyduqlarını belə bəyan edirlər. Bu anlam təkcə siyasi müstəvidə deyil, digər sahələrdə də rüşvətə bulaşmış hədəflər üzərində köklənmiş hakimiyyətin anatomiyasını səlahiyyət modelinə çevirmişlər.
Qərbin şərtləri üzərində imitasiya
Son bir ayda Avropa Birliyi, Avropa Şurası və ATƏT nümayəndələrinin iştirakı ilə Azərbaycan iqtidarı bir sıra tədbirlər keçirməyə başlayıb. Bu toplantılara öz yandaşları olan QHT sektorunu da cəlb ediblər. Güya, ölkədə korrupsiya və rüşvətxorluqla bağlı islahatlara başlanılıb və hakimiyyət artıq islah olunmağa meyllidir, beynəlxalq öhdəliklərə əməl etməyə başlayıb, bundan sonra siyasi məhbus problemi olmayacaq, vətəndaşların sərbəst şəkildə biznes fəaliyyəti göstərmək hüququ olacaq. Güya, ölkədə əsil vətəndaş cəmiyyəti qurulacaq və hər hansı bir rüşvət və ya korrupsiya olayına görə istənilən məmur dərhal istefaya göndəriləcək, cəmiyyətin qınağına məruz qalacaq.
Son iki ildə hakimiyyət ölkəni idarə etmək üçün Qərbdəki vətəndaş cəmiyyəti siyasətinə uyğun yeni siyasətə üz tutub. Belə ki, hər bir nazirlik və ya dövlət komitəsi öz yandaşı olan QHT sektorlarını yaradaraq, onların vasitəsilə cəmiyyətdə nazirlərin və komitə sədrlərinin maraqlarına uyğun lobbiçilik etmələrinə üz tutublar. Bununla da hakimiyyətin korrupsiya və rüşvət piramidasının önündə mələk donu geyinmiş həmin QHT sektoru cəmiyyəti sehrləmək, yalanın miqyasını ört-basdır etmək üçün hərəkət edirlər. Elə götürək insan alverini. Bəllidir ki, paytaxt Bakıda, eləcə də bütün turizm mərkəzlərində, kafe və barlar əslində qadın alveri və fahişə biznesi çiçəklənməkdədir. Elə bunun özü insan alverinin dolayı yolla idarə edilməsi deməkdir. O da faktdır ki, bu şəbəkənin arxasında konkret olaraq yüksək vəzifəli məmurlar dayanır.
Bizdə nəinki nazirlərin, heç xırda məmurların istefa mədəniyyəti yoxdur
Almaniyanın prezidenti Kristian Vulfun bir işadamından aldığı rüşvətin miqyası 400 min avro idi. Azərbaycanda isə sıravi bir məmurun günahsız insanlardan aldığı rüşvətin, dövlət büdcəsindən oğurladığı vəsaitin sayəsində villasının dəyəri 3-4 milyon dollardır. Hələ onların ticarət şəbəkələrinin, istehsal və digər mülkiyyət vasitələrinin sayını da üstünə gəlsək, bütün bunların ümumi dəyəri ən azından on, yüz milyonlar dəyərindədir. Ancaq heç kimsə bulaşdığı korrupsiyaya və rüşvətə görə daxilən də olsa, həyəcan və iztirablar keçirib istefa vermək haqqında düşünmür.
Hələ indiyə kimi korrupsiyaya qarşı mübarizə idarəsi iri çəkili məmurlardan kimlərisə dövlət büdcəsindən talan etdiyi, korrupsiya və rüşvətxorluq sayəsində malik olduğu sərvətlərinə görə ittiham etməyib. Buna görə də Azərbaycanda alman örnəyinin ola biləcəyinə heç kimsə inanmır. Kristian Vulf rüşvət almasına baxmayaraq, ölkənin nüfuzlu siyasi liderlərindən biri olub. Bəlkə də istefa ərizəsi yazdığına görə alman xalqı onu bağışlayaq. Çünki onun istefa ərizəsini yazması həm də bir insan olaraq daxili mədəniyyətindən doğub. Əlbəttə, burada ictimai qınağın da öz rolu oldu. Azərbaycanda Hacıbala Abutalıbovun, Səlim Müslümovun, Əbülfəs Qarayevin, Abid Şərifovun, Ziya Məmmədovun, Etibar Pirverdiyevin, Kərəm Həsənovun, Füzuli Ələkbərovun, Aydın Əliyevin, Fazil Məmmədovun və digərlərinin Kristian Vulf qədər cəsarəti ola bilərmi? Bu iri çəkili məmurların adları onların oliqarx qismində hallanırsa, deməli rüşvətxorluq və korrupsiya piramidasının əsas dayaqları hesab olunurlar. Amma onlardan heç zaman alman örnəyini də tələb etmək mümkün olmayacaq.
Vüqar MUĞANLI







Tweet This
Share on Facebook
Digg This
Save to delicious
Stumble it
RSS Feed