“Rusiyapərəstlərin narahatlığı bizim üçün ikinci dərəcəli məsələdir”
Eldar Namazov: “Ziyalılar Forumuna qarşı aparılan kampaniyada reallığı əks etdirməyən cəfəng fikirlər səslənməkdədir”
“Ziyalılar Forimi mitinqlə bağlı məsələlərin müzakirəsini artıq başa çatdırıb”
“Mənim övladımın xaricdə oxuması gerçəyi mənim mövcud problemlər haqqında danışmaq haqqımı əlimdən ala bilməz və almır”
“Rüstəm müəllimin sözündə çox böyük bir həqiqət mövcuddur. “Dövləti 4-5 “julik” idarə edir” fikrini müxtəlif cür izah etmək olar. Lakin fikrin məğzi ondan ibarətdir ki, Azərbaycanda korrupsiya baş alıb gedir və buna uyğun siyasət yürüdülür. Buna etiraz edən insanlara qarşı təzyiqlər həyata keçirilir, seçkilər saxtalaşdırılır və s. Müxalifət hər vasitə ilə sıxışdırılır, siyasi partiyaların fəaliyyətinə normal imkan yaradılmır. Bütün bunların kökündə isə korrupsiya amili dayanıb. Ona görə də mən Rüstəm İbrahimbəyovun fikri ilə razıyam”
Son günlər Ziyalılar Forumu ilə bağlı iqtidaryönlü mətbuatda səslənən ittiham və tənqidlərin sayı durmadan artmaqdadır. Fərqli çevrələr və baxış sahibləri tərəfindən dilə gətirilən bu ittihamlar Ziyalılar Forumunun Azərbaycanın demokratikləşməsi baxımından ortaya qoyduğu cəhdin üzərinə kölgə salmasa da, bu fikirlərin ictimai rəydə müəyyən bir çaşqınlıq və qeyri-müəyyənlik doğurduğu şübhəsizdir. Odur ki, Ziyalılar Forumu haqda səsləndirilən tənqidi mülahizələrlə bağlı düşüncələrini öyrənmək, habelə ziyalıların yaxın gələcəklə bağlı planları ilə tanış olmaq üçün Forumun aparıcı üzvlərindən olan politoloq Eldar Namazova müraciət etdik.
- Eldar bəy, bir müddət öncə Ziyalılar Forumunun aksiya keçirəcəyi ilə bağlı fikirlər səslənsə də, hazırda bununla bağlı hər hansı hərəkətlilik gözə çarpmır. Maraqlıdır, Ziyalılar Forumu məlum mitinqin keçirilməsində bu gün də qəraralıdırmı?
- Mitinqlə bağlı məsələlərin müzakirəsi demək olar ki, yekunlaşıb. Məsələnin bi qədər uzanması bəzi səbəblərdən baş verdi ki, bunlardan da biri Rüstəm İbrahimbəyovun xaricdə səfərdə olması ilə bağlı idi. Yəni məsələnin müzakirəsi üçün onun da qayıtmağını gözləməyi qərara aldıq. Artıq bütün bu müzakirələr başa çatıb. Yaxın günlərdə Ziyalılar Forumunun Bakı meriyasına təqdim etmək üçün müvafiq məktubu hazırlanacaq. Bu məktub həm Bakı merinə göndəriləcək, həm də mətbuat üçün açıqlanacaqdır.
- Məlum aksiyanın Fransanın “erməni soyqırımı” qərarına etiraz əlaməti olaraq keçirilməsi nəzərdə tutulur. Lakin Sizə elə gəlmirmi ki, indiki şəraitdə Azərbaycanda demokratiyanın vəziyyətinə diqqət çəkmək baxımından aksiya təşkil etmək daha zəruridir?
- Əslinə qalsa bizi narahat edən mövzular çoxdur. Bura siz dediyiniz məsələ də, sosial problemlər də daxildir. Mövzular kifayət qədər çoxdur. Bu problemlər arasında Fransa Senatının qərarı da xüsusi yer tutur. Çünki o yalnız Azərbaycan-Fransa və ya Azərbaycan-Türkiyə münasaibətləri ilə deyil, eyni zamanda bizim işğaldakı torpaqlarımızın azad edilməsi ilə birbaşa əlaqədar olan bir məsələdir. Hesab edirik ki, belə bir mitinq mütləq təşkil olunmalıdır. Hətta Fransanın Konstitusiya Şurası bu qanuni ləğv eləsə belə, bu mitinqi mütləq keçirmək lazımdır. Bu, bütün hallarda Azərbaycanın Türkiyə ilə həmrəylik mitinqi olacaq. Ona görə də bu mitinqin keçirilməsinin Fransanın Konstitusiya Şurasının verəcəyi qərara aidiyyatı olmayacaq. Biz Türkiyə ilə həmrəyliyimizi nümayiş etdirməliyik. Həmçinin, unutmamalıyıq ki, bu, həm də Qarabağ məsələsi ilə bağlı bir problemdir.
- Açıqlamalarınız birində Ziyalılar Forumunun önəminə diqqət çəkərək bildirmisiniz ki, sözügedən Forum Azərbaycandakı mövcud problemləri hakimiyyətin nəzərinə çatdırır, bu problemlərə diqqət çəkir. Sizcə, doğrudanmı Azərbaycan hakimiyyəti ölkədəki problemlərdən və ya bu problemlərin həlli mexanizmindən xəbərsizdir və onların diqqətini məxsusi olaraq buna yönəltməkdə fayda var?
- Məsələ önəmli olan problemin kimin dilindən səslənməsi ilə bağlıdır. Yəni əsas odur ki, bu problemlərə diqqət çəkən, bunu qaldıran kimlərdir. Sözsüz ki, bütün bu problemlər hamıya bəllidir. Vaxtilə bu problemlər insan haqlarının müdafiəsi ilə məşğul olan təşkilatlar, siyasi partiyalar tərəfindən də qaldırılıb və bu gün də qaldırılmaqdadır. Amma çox önəmlidir ki, bununla bağlı Azərbaycan ziyalıları da öz sözlərini desinlər, baş verənlərə öz münasibətlərini bildirsinlər. Burada yenilik problemin özündə deyil. Yenilik bundan ibarətdir ki, artıq cəmiyyətin bir deyil, bir neçə təbəqəsi bu problemlərin həllini tələb edir. Ona görə də mən mövcud problemin ziyalıların dilindən sələnməsini çox önəmli hesab edirəm.
- Bugünlərdə mətbuatda Ziyalılar Forumu ilə bağlı belə bir tənqidi fikir səsləndi ki, Forumda təmsil olunanların bir çoxunun övladı xarici ölkələrdə təhsil alır və onlar bunu gileyləndikləri müxalifətçi mövqeyində dayanaraq həyata keçirilər…
- Ziyalılar Forumuna qarşı aparılan kampaniyada reallığı əks etdirməyən cəfəng fikirlər səslənməkdədir. Bildiyiniz kimi bəlli bir müddətdir ki, bu kampaniya başlayıb və kampaniya çərçivəsində hər həftə ya hakimiyyət nümayəndələri, ya da hakimiyyətə yaxın olan dairələr, mətbu orqanlar tərəfindən çıxışlar səslənir. Kimin övladının harada oxumasından asılı olmayaraq, qaldırılan problemə diqqət yetirmək lazımdır. Baxmaq lazımdır ki, səslənən problem var, yoxsa yoxdur? Əgər bu problem varsa, hər kəs bu problemi qəbul edirsə, o zaman bu problemi qaldıran insanların tərcümeyi-halını təftiş etməyin nə mənası var? Bu, birinci. Ikincisi, mən əminəm ki, Ziyalılar Forumunda təmsil oluananların övladları Azərbaycanda təhsil alıb. Onların arasıənda təhsilini xaricdə davam etdirən də ola bilər və sözsüz ki, var. Lakin bir daha deyirəm ki, bunun Azərbaycandakı problemlərə heç bir aidiyyatı yoxdur. Mənim övladım Bakıda məktəbi bitirib. Bakıda da universiteti qırmızı diplomla qurtarıb. Azərbaycan orudusunda – Hava Hücumundan Müdafiə Qoşunlarında xidmət edib. Indi o, öz təhsilinin magisturatura piləsini Amerikada davam etdirir. O, Bakıda beynəlxalq münasibətlər fakültəsində təhsil alıb. Heç kimə sirr deyil ki, bu sahədə Azərbaycanda təhsil o qədər də güclü deyil. Azərbaycanın bu istiqamətdə verdiyi diplom beynəlxalq aləmdə o qədər də qəbul olunmur. Ona görə də, o, ABŞ-da təhsil alır və heç şübhəsiz ki, təhsilini başa vurandan sonra Azərbaycana qayıdıb öz iş fəaliyyətini Bakıda həyata keçirəcək. Mənim övladımın xaricdə oxuması gerçəyi mənim mövcud problemlər haqqında danışmaq haqqımı əlimdən ala bilməz və almır. Bu o demək deyil ki, mən Azərbaycandakı korrupsiya, seçki saxtakarlığı və s. haqqında danışmalı deyiləm.
- Səslənən iddialardan biri də Ziyalılar Forumunun daha çox hakimiyyətdəki Rusiyapərəst qüvvələrə qarşı cəbhə açması ilə bağlıdır. Bununla bağlı demək istədiyiniz nə isə varmı?
- Hər bir tədbiri hazırlayarkən bizim bir neçə hazırlıq iclasımız olur. Bu günə kimi Ziyalılar Forumu 10 iclas keçiribsə, bu iclasların hər biri ilə bağlı bir neçə hazırlıq iclası olub ki, bunlar da məhdud çərçivədə həyata keçirilib. Biz son bir neçə ayda 20-30 dəfə hazırlıq işi ilə bağlı bir araya gəlib müzakirələr aparmışıq. Həmin müzakirələr zamanı bir dəfə də olsun nə şəxsi münasibətlər, nə fərdi əlaqələr baxımından məsələyə heç bir yanaşma olmayıb. Bütün bu müzakirələrin məğzi, mahiyyəti cəmiyyəti narahat edən problemləri ortaya çıxartmaq, repressiya, təzyiq altında olan insanlara mənəvi dəstək vermək və s. olub. Əgər kimsə bu problemlərin qabardılmasından narahatdırsa, buna qarşı hücumlar təşkil edirsə, bu, onların öz işidir. Bizim üçün önəmli olan bizim mövqeyimizdir. Biz çalışırıq ki, mövqeyimiz obyektiv və cəmiyyətin maraqlarına uyğun olsun. Bundan narahatlıq duyan qüvvələr arasında Rusiyapərəstlər və s. varsa, bu, bizi narahat etmir. Bu, bizim üçün ikinci dərəcəli məsələdir.
- Rüstəm İbrahimbəyov açıqlamalarının birində vurğulayıb ki, dövləti 4-5 “julik” idarə edir. Sizcə, bu gün Azərbaycan siyasi hakimiyyətini bircə cümlə ilə məhz bu cür xarakterizə etmək mümkündürmü?
- Rüstəm müəllimin sözündə çox böyük bir həqiqət mövcuddur. Eyni fikri müxtəlif cür izah etmək olar. Lakin fikrin məğzi ondan ibarətdir ki, Azərbaycanda korrupsiya baş alıb gedir və buna uyğun siyasət yürüdülür. Buna etiraz edən insanlara qarşı təzyiqlər həyata keçirilir, seçkilər saxtalaşdırılır və s. Müxalifət hər vasitə ilə sıxışdırılır, siyasi partiyaların fəaliyyətinə normal imkan yaradılmır. Bütün bunların kökündə isə korrupsiya amili dayanıb. Ona görə də mən Rüstəm İbrahimbəyovun fikri ilə razıyam. Rüstəm müəllim öz fikrini sadə formada dilə gətirsə də, bu fikrin arxasında möhkəm və məntiqi baxımdan əsaslanmış bir həqiqət dayanır.
- Yaxın gələcəklə bağlı planlarınız nədən ibarətdir?
- Gələcəkdə görəcəyimiz işlərlə bağlı da ciddi müzakirələr aparmışıq. Fevralın ikinci yarısı və mart ayının əvəllərində bizim bir sıra tədbirlərimiz olacaq. Mən bəzi detalları hələ vaxtından öncə açmaq fikrində deyiləm. Ancaq əminəm ki, bundan sonra keçirəcəyimiz tədbirlər də olduqca maraqlı olacaq. Bizim bir neçə ay üçün nəzərdə tutulmuş iş planımız mövcuddur. Biz bu iş planını mütləq həyata keçirəcəyik. Müzakirə etdiyimiz mövzular içərisində mülkiyyət hüququ da, media problemləri də var və s. Gənclərlə keçirilən görüş zamanı bəzi iştirakçılar təklif etdi ki, qadın təşkilatları ilə bağlı da belə bir tədbir keçirilsin. Bütün bunların hamısı ilə bağlı yaxın 2-3 ay ərzində müvafiq tədbirlər keçirmək planımızda var. Mən əminəm ki, biz bütün bunların hamısını həyata keçirə biləcəyik.
Seymur Əliyev





Tweet This
Share on Facebook
Digg This
Save to delicious
Stumble it
RSS Feed
Əla fikirlərdir!!! Ziyalılar Forumuna uğurlar!!!