“Azərbaycanın Fransa ilə münasibətləri qoruyub saxlaması zəruridir”


 Zərdüşt Əlizadə: “Madam ki, Azərbaycan hökumətini Qarabağ maraqlandırmır, o zaman biz Fransa ilə münasibətlərimizi nə üçün kəskinləşdirməliyik?”

 Xəbər verildiyi kimi, Azərbaycan prezidenti İlham Əliyev fevralın 18-də Fransa respublikasının nəqliyyat naziri Tierri Mariani və Sarkozinin diplomatiya məsələləri üzərə müşaviri Damien Lorası qəbul edib. Görüş zamanı Fransa prezidentinin məktubunu ölkə başçısına təqdim edən T.Mariani Azərbaycan-Fransa arasındakı münasibətlərin hazırkı səviyyəsindən məmnunluğunu dilə gətirib. Fransalı qonaq yaxın gələcəkdə iki ölkə arasındakı  münasibətlərin daha da inkişaf etdiriləcəyinə əminliyini ifadə edib.

Sarkozinin məktubunda yer alan səmimi fikirlərə görə, fransalı qonaqlara minnətdarlığını bildirən prezident İ.Əliyev də Azərbaycanın Fransa ilə əməkdaşlıqdan məmnunluq duyduğunu vurğulayıb. Uydurma “erməni soyqırımı” məsələsinə də münasibət bildirən İ.Əliyev, qondarma “erməni soyqırımı”nı inkar edənlərin cinayət məsuliyyətinə cəlb edilməsi ilə bağlı qanunun qüvvəyə minməyəcəyinə ümidvar olduğunu qeyd edib. Sonda iki ölkə arasındakı münasibətlərin mümkün inkişaf yolları, habelə region və beynəlxalq müstəvidəki problemlərlə bağlı fikir mübadiləsi aparılıb…

Maraqlıdır ki, İ.Əliyevlə fransalı qonaqlar arasında baş tutan görüş ictimai çevrələrdə heç də birmənalı qarşılanmayıb. Belə ki, bir çox ölkə vətəndaşları uydurma “erməni soyqırımı”nı tanıyan və bu soyqırımını inkar edənlərin məsuliyyətə cəlb olunmasını gündəmə gətirən Fransanın rəsmi şəxsləri ilə belə bir görüşün kerçirilməsini Azərbaycanın özünə hörmətsizliyi kimi dəyərləndirib…

Xatırladaq ki, hələ bundan öncə ölkə başçısının Fransaya etiraz əlaməti olaraq Minsk qrupunun farnsalı həmsədrini qəbul etməməsi məsələsi aktuallaşmış, belə bir addımın rəsmi Parisə ən gözəl etiraz ola biləcəyi ilə bağlı fikrilər səsləndirilmişdir. “Hürriyyət”in ötən saylarında məsələyə münasibət bildirən Azərbaycan Milli Strateji Təhqiqatlar Mərkəzinin prezidenti politoloq Natiq Miri də belə bir diplomatik jestin Azərbaycan adına böyük önəm kəsb edəcəyini vurğulamışdı. Ədalət naminə qeyd edək ki, elə həmin müsahibəsində də politoloq hakimiyyətin belə bir iradə ortaya qoyacağına ümid etmədiyini vurğulamış, bununla bağlı heç bir gözləntisi olmadığına diqqət çəkmişdi. Son olaylar isə bir daha təsdiq edir ki, Azərbaycan hakimiyyəti həqiqətən də açıq-aşkar ermənipərəst mövqe tutan və onu ciddi şəkildə aşağılayan Fransaya qarşı diplomatik müstəvidə az-çox dirəniş göstərmək iqtidarına malik deyil.

Mövcud problemi şərh edən siyasi partiya yetkililəri, politoloqların da bir çoxu hesab edir ki, ölkə başçısının fransalı qonaqları qəbul etməsi hər şeydən öncə rəsmi Bakının siyasi iradəsizliyindən xəbər verir ki, bunun da acı nəticələri yaxın gələcəkdə özünü göstərəcəkdir. Politoloqların fikrincə, məlum görüşün Azərbaycan üçün zərərli nəticələrindən biri də olayların Türkiyə və Azərbaycan arasındakı münasibətlərə xələl gətirə biləcəyi ilə bağlıdır. Ekspertlər hesab edir ki, əslində Türkiyə və Fransa arasındakı gərginliyin kulminasiya səviyyəsində olduğu bir zamanda belə bir görüşün keçirilməsi, Azərbaycanın Fransanın yanında qərar tutması kimi də dəyərləndirilə bilər ki, bu da Ankara və Bakı arasında onsuz da yetərincə sarsılan etimadı daha da azalda bilər.

Politoloq Zərdüşt Əlizadə isə İ.Əliyevlə fransalı qonaqlar arasındakı görüş və bütövlükdə Fransa-Azərbaycan münasibətləri haqqında tamamilə fərqli fikirdədir. Ölkə başçısının Fransa nümayəndələrini qəbul etməsini Azərbaycanın özünə qarşı hörmətsizliyi kimi dəyərləndirmək fikrindən uzaq olduğunu bildirən politoloqun sözlərinə görə, məsələyə bugünün reallqılarını nəzərə alaraq başqa konteksdən yanaşmaq lazımdır: “Mən baş verənləri Azərbaycanın özünün özünə hörmətsizliyi kimi dəyərləndirmək niyyətində deyiləm və hesab edirəm ki, məsələyə belə yanaşmaq yanlışdır. Məsələ bundadır ki, Fransa həqiqətən də böyük dövlətdir və biz istəsək də, istəməsək də o, mövcuddur. Fransa çağdaş dünyada söz sahibinə malik həlledici dövlətlərdən biridir. Ona görə də Azərbaycan bu dövlətlə normal münasibətlər qurmalı və inkişaf etdirməlidir”.

Politoloqun qənaətincə, əgər bu gün ölkə rəhbərliyi Dağlıq Qarabağ konfiliktinin həlli ilə bağlı ortaya ciddi bir iradə və səy qoymursa, öz siyasətində yanlışlığa yol verirsə, buna görə Fransanı ittiham etmək doğru deyil: “Fransanın ermənilərlə bağlı ortaya qoyduğu mövqe tamam başqa məsələdir. Əgər Azərbaycan Fransanın bu addımına layiqli cavab vermək istəyirsə, o zaman Qartabağ məsələsində səmərəli siyasət yürütməlidir. Madam ki, Azərbaycan hökumətini Qarabağ maraqlandırmır, o zaman biz Fransa ilə münasibətlərimizi nə üçün kəskinləşdirməliyik?”

Politoloq baş verənlərin Azərbaycan-Türkiyə münasibətləri baxımından da təsirsiz ötüşəcəyi qənaətindədir: “Bu görüş və ümumilikdə Azərbaycan-Fransa münasibətlərinin indiki səviyyəsi Azərbaycanın Türkiyə ilə münasibətlərində heç bir problem yaratmayacaq. Çünki Azərbaycan və Türkiyənin münasibətləri dərin, köklü maraqlar üzərində qərarlaşıb. Ona görə də ötəri görüşlər və ya bu və digər dərəcədə olaylarla bu münasibətlərə təsir göstərmək mümkün deyil”.

 Seymur Əliyev 

Leave a Reply