Türkiyə-Rusiya yaxınlaşması nədən xəbər verir?


Elxan Mehdiyev: “Türkiyə və Rusiya arasındakı münasibətlərin strateji müttəfiqlik səviyyəsinə yüksəlməsi mümkün deyil”

 Son günlər Türkiyə və Rusiya münasibətlərində müşahidə edilən yaxınlaşma Fransa Senatının məlum qərarından sonra Qərblə münasibətləri daha da kəskinləşən rəsmi Ankaranın yeni siyasi dəst-xətt sərgiləməsi ilə bağlı fikirlərə yol açıb. Bəzi ekspertlər hesab edir ki, öncə İsrail və onun simasında ABŞ-la gərginlik yaşayan Türkiyə Fransa ilə münasibətlərinin pisləşməsindən sonra Rusiyaya üz tutub ki, bu da Avropa Birliyinə qəbul olunmaq üçün uzun illərdir səy göstərən, lakin hər dəfə əsassız bəhanələrlə quruma üzvlüyünə imkan verilməyən Türkiyənin mənəvi və psixoloji baxımdan yorulduğundan xəbər verir.

Politoloqlar hesab edir ki, Qərbə inteqrasiya üçün böyük qüvvə sərf edən və demokratiya baxımından Qərbin bəzi ölkələrindən heç də geri qalmayan Türkiyə Rusiyanın simasında Qərbə bərabər olan yeni bir güc mərkəzi tapıb ki, bu güc mərkəzində rəsmi Ankaraya Qərbdən daha böyük diqqət və sayqı göstərildiyi inkarolunmazdır. Başqa sözlə desək, bu gün Türkiyə Rusiya ilə həmrəylik nümayiş etdirməklə Qərbə göz dağı verməkdə, xarici siyasətindəki boşluğu Rusiyanın hesabına doldurmaqdadır.

Ekspertlərin fikrincə, belə bir yaxınlaşma Rusiya üçün də olduqca əlverişli və faydalıdır. Demokratiya və insan haqları istiqamətində uzun bir yol keçən və bu sahədə dünyanın qabaqcıl ölkələrindən biri hesab edilən Türkiyənin sırf Qərbin ikili standartları səbəbilə Avropa Birliyinə üzvlüyə qəbul edilməməsi, uydurma “erməni soyqırımı” vasitəsilə müxtəlif təzyiqlərə məruz qalması adıçəkilən ölkəni təbii olaraq Rusiya ilə yaxınlaşdırır ki, bu da Moskva üçün Qərbə qarşı mübarizədə yeni müttəfiq deməkdir. Odur ki, Rusiyanın əlinə düşən bu fürsətdən maksimum faydalanacağı və Türkiyə ilə münasibətlərini möhkəmləndirmək üçün bu ölkəyə ciddi güzəştlər edəcəyi gözləniləndir.

Lakin politoloq Elxan Mehdiyev hesab edir ki, Türkiyə və Rusiyanın İran və Suriya məsələsinə birgə baxış sərgiləməsini, habelə, sözügedən ölkə rəsmilərinin qarşılıqlı səfərlərini Türkiyənin Qərbdən üz çevirməsi kimi dəyərləndirmək olmaz. Ekspertin fikrincə, Rusiya və Türkiyə arasındakı hazırkı yaxınlıq qonşu ölkələr arasındakı yaxınlıq çərçivəsini aşmır və sadəcə olaraq ikitərəfli münasibətlərin inkişafına xidmət edir: “Türkiyə və Rusiya arasındakı mövcud münasibətləri Ankaranın Qərbdən Rusiyaya doğru üz döndərməsi kimi xarakterizə etmək, zənnimcə, doğru deyil. Rusiya Türkiyənin yaxın qonşusu, böyük bir dövlətdir. Soyuq müharibə dönəmində sovet hökuməti Türkiyə ilə düşmən münasibətdə olub. Amma indi Rusiya Türkiyə ilə də normal münasibətlər qurub. Onların arasında güclü iqtisadi münasibətlər mövcuddur. Lakin bu da bir həqiqətdir ki, Türkiyə bir NATO ölkəsidir və Şimali Atlantika Blokunun ikinci ən böyük ordusuna sahibdir. Bu isə o deməkdir ki, Türkiyə və Qərb arasındakı münasibətlər kifayət qədər güclüdür. Ona görə də, iki ölkənin bəzi məsələlərlə bağlı birgə bəyanatlar səsləndirməsini Türkiyənin Rusiya ilə yaxınlaşmaq xətti götürməsi kimi dəyərləndirmək doğru deyil”.

Politoloqun qənaətincə, bu münasibətlərin daha da inkişaf edərək strateji müttəfiqlik səviyyəsinə yüksəlməsi mümkün deyil. E.Mehdiyevin sözlərinə görə, Türkiyə və Rusiya münasibətlərinin müttəfiqliyə çevrilməsi yolundakı ən böyük maneə Türkiyənin NATO-ya üzv olması ilə bağlıdır: “Türkiyə və Rusiya arasındakı münasibətlərin strateji müttəfiqlik səviyyəsinə yüksəlməsi mümkün deyil. Çünki Türkiyə NATO ölkəsidir. Əgər sabah Rusiya da NATO üzvü olarsa, o zaman belə bir müttəfiqlik üçün imkanlar yaranar. Lakin Türkiyə NATO üzvü ola-ola Rusiya ilə müttəfiqə çevrilə bilməz. Sadəcə, iki ölkə arasında münasibətlərin yüksək səviyyədə qurulması həm Türkiyənin, həm də Rusiyanın xeyrinədir”.

Türkiyə və Rusiya arasındakı münasibətlərin mövcud səviyyəsinin tərəflərdən hansına daha çox sərf etdiyinə gəlincə, ekspert bu məsələdə Azərbaycanın uduş imkanlarının hər iki ölkədən daha artıq olduğunu vurğuladı. Politoloqun sözlərinə görə, Azərbaycan Türkiyə və Rusiya arasındakı münasibətlərin yaxınlığından istifadə edərək erməni faktorunu zəiflədə və bu faktora ciddi zərbələr vura bilər: “Türkiyə və Rusiya münasibətlərinin inkişafından Azərbaycanın yaxşı qazanc əldə etmək imkanı daha böyükdür. Lakin bu, yalnız o zaman mümkün olar ki, Azərbaycan Türkiyə ilə addımlarını kordinə edilmiş şəkildə həyata keçirsin. Rusiya və Türkiyə arasında münasibətlər yaxşı olarsa, o zaman ermənilərin oynaya biləcəyi rol sıfıra enər. Yəni ermənilərin düşmən ölkə kimi Türkiyəyə qarşı həyata keçirmək istədiyi addımların qarşısı Rusiya tərəfindən alınacaq. Ona görə də əsas məsələ Azərbaycan və Türkiyənin atdığı addımların nə dərəcədə kordinə edilməsi ilə bağlıdır. Lakin təəssüf ki, bu gün bu münasibətlərin qarşılıqlı şəkildə uzlaşdırılaraq həyata keçirildiyini iddia ermək mükün deyil. Bizim sabahkı (bu gün – red.)  konfransımızda da Türkiyə və Azərbaycan münasibətlərinin bugünkü səviyyəsi və kordinə edilmə vəziyyətinə toxunacağıq”.

 Seymur Əliyev

Leave a Reply