İsa Qəmbər üçün Seçim Anı…


Zülfüqar Hüseynzadə     

Müsavatçılar nədən nizamnamədə mikroskopla ipucu axtarırlar?

Mövzuya giriş etmədən elə isti-isti oxucularımın və sonradan bu yazıya dodaq büzəcək dostların diqqətinə ərz edim ki, Müsavat başqanı İsa Qəmbərə xüsusi hüsn-rəğbəti olan qələm əhlindənəm və ona olan hörmətimi çoxsaylı söhbətlərimdə şəxsinə də ərz etmişəm. Odur ki, qətiyyən narahatlıq keçirmirəm ki, mülahizələrim xəyal qırıqlığı yarada bilər və başqan məndən inciyər. Sadəcə gördüklərim məni bu mövzunu qələmə almağa dümsüklədiyindən “içimdəki” dostlarımın qəlbini qırmaq istəmədim…

Müsavat başqanının qarşıdan gələn qurultaydan sonra da öz postunda qalmasının zəruriliyini dilə gətirən ADP sədri Sərdar Cəlaloğlunun üstünə qoşun çəkən bəzilərindən fərqli olaraq, ilk gündən mən də bu qənaətdəyəm ki, İsa bəyin ilin-günün bu vaxtında, dünyanın və Azərbaycanın titrətmə tutmuş uşaq kimi çırpındığı indiki həssas dönəmdə partiya nizamnaməsinin formal tələbinə boyun əyərək hamımızı çətin vəziyyətdə qoyması doğru olmazdı. Ancaq nədənsə bu məsələ istər partiya daxilində, istərsə də mətbuat səhifələrində lazım olduğundan çox dartışılır və hakimiyyətin də əlinə bəhanə verilir ki, bulanıq suda balıq tutaraq cəmiyyətin siyasi palitrasını daha da qarışdırsın.

Bu günlərdə tanınmış vəkil və Müsavat Divanın üzvü Osman Kazımovun partiya nizamnaməsində İsa Qəmbərin qalmasını nəzərdə tutan müddəaların axtarıldığını söyləməsi isə yadima vaxtilə İran şahının başına gəlmiş bir əhvalatı saldı. Lətifəsi bizim mövzudan uzaq. Deyilənə görə, günlərin bir günü şahın öz bacısına gözü düşür və baş vəziri yanına çağırıb ondan ölkə qanunlarının buna icazə verib-vermədiyini araşdırmasını tapşırır. Çoxbilmiş vəzir deyir ki, qibleyi-aləm sağ olsun, qanunlarda bu barədə bir şey yazılmasa da orada birmənalı şəkildə qeyd olunub ki, şah nə istəsə edə bilər…

Əlbəttə, bəlkə də bu müqayisə xeyli qüsurludur və İsa bəyin personasına yaraşmayan paralellər aparıram. Sadəcə bununla demək istədiyim odur ki, nala-mıxa vurub yersiz narahatçılıq yaratmağa nə hacət? Müsavatın nizamnaməsini mikroskopla araşdıraraq orada İsa Qəmbərin daha bir müddətə başqan seçilməsi üçün nələrinsə axtarılması vallah-billah lazımsız zəhmət çəkməkdir. Buna görə ona “gözün üstə qaşın var” deyənlərdənmi ehtiyatlanırlar? Məgər bu ölkədə İsa Qəmbərə bircə halal seçkiyə qatılaraq cəmiyyətin və millətin neçə faizinin rəğbətini qazandığını öyrənməsinə imkan verildimi? Heç uzağa getməyək. Məgər İlham Əliyevin Azərbaycan prezidenti ola-ola Yeni Azərbaycan Partiyasının sədrliyini də buraxmaması qanunidirmi? Axı Müsavat nizamnaməsindən fərqli olaraq qanunlarımızda bu barədə dəqiq və hər kəsə aydın şəklidə yazılıb. Bəlkə kimsə iddia edə bilər ki, sən niyə İsa bəyi İlahm Əliyevlə müqayisə edirsən və Müsavat başqanı bununla cəmiyyətdə yeni bir ənənənin əsasını qoyaraq tarixə düşə bilər? Hər halda bu iddialara nə qədər hörmətlə yanaşsam da, fikrimdə qalıram və sonradan İsa Qəmbər haqda deyiləcək hər türlü dedi-qoduları, barəsində səsləndiriləcək ittihamları da indidən təxminən edirəm. Lakin bütün bunlara rəğmən, cəmiyyətin mövcud durumunu və müxalif düşərgənin yeknəsəq ovqatını, eyni zamanada 20 il müddətində liderlik etdiyi təşkilatın sükaınını bundan sonra kimsənin onun kimi idarə edə bilməyəcəyini nəzərə alaraq İsa bəydən bu posta qalmasında israr edənlərin səmimi narahatçılıqlarını qulaqardı etməməsini rica edirəm. Özü də şəxsən İsa bəyə zəng vuraraq səmimi narahatçılığımdan qaynaqlanan bu yazını oxumasını xahiş edəcəm, kim bilir, bəlkə haradasa işə yaradı…

 

Leave a Reply