İran kəşfiyyatı Gürcüstanda at oynadır
Tehran rejiminin məqsədi soydaşlarımızı Borçalıdan deportasiya etdirməkdir
Dünya tarixində milli təməl prinsiplərinə söykənməyən hər hansı ideya sonucda məhvə məhkumdur. Amma bununla yanaşı, bir sıra ideoloji təlimlər toplumların yaşam tərzini mədəni və ictimai mənada dəyişdirməklə, yabançı təlimlərin alətinə çevrilməsinə nail olmaqla, həmin toplumu kukla siyasətlərin ağuşuna atmaqla onların sonuna çıxmağı hədəfə alıb. Borçalının ümumi mənzərəsində bunun şahidi olmaq daha asandır. Çünki Borçalı adına irəli çıxan ictimai qurumların və sosial şəbəkələrin liderlərinin savadsızlığı və səbatsızlığı ucbatından bu gün Borçalı paniranist siyasətin təməl prinsiplərinə söykənib.
Gürcüstanda İrana məxsus informasiya mərkəzləri
Keçmiş SSRİ dağldıqdan sonra İran həvəslə təkcə Azərbaycanda deyil, eləcə də Gürcütsanda “Borçalı masası”nı ortaya qoydu. Başda paytaxt Tiflis olmaqla əksər şəhər və rayonlarda öz təsisatlarını da yaratdı. İlk öncə Borçalıda türk toplumunu milli bütünlük üzərində deyil, daha çox təriqət və məzhəb ayrılığının girdabına yuvarlada bildi. Bu məkrli siyasət təbii olaraq, gürcü və erməni şovinizminin başında duranların mənfəətlərinə cavab veridyi üçün İrana “gözünün üstündə qaşın var” deyilmədi. Başqa bir tərəfdən Borçalı boyunca milli bütünülüyümüz üçün tələb olunan bütün anlamlar arxa plana keçirildi. Hətta bu siyasəti dərinləşdirmək üçün Tiflisdəki Cümə Məscidinin axundunun vasitəsilə İranın Qum, Kirman, Tehran, Mazəndaran, Şiraz, İsfəhan və digər şəhərlərinə təhsil almaq adı altında, əslində isə paniranizmin ideoloji xəstəliyinə tutulmuş kadrların hazırlanması üçün ötən 20 il ərzində çoxlu sayda gənclər göndərildi. İndi budur, həmin kadrlar Borçalıda dini, ideoloji, mədəni və sosial mənada paniranizm siyasətinin əsas dayaqları rolunda çıxış edirlər.
Bu kadrların vasitəsilə yaradılmış “Əhli Beyt”, “Həzrəti Zəhra”, “Həzrəti Fatimə”, “İmamət”, “Zeynəbiyyə” və digər ictimai təşkilatların fəaliyyəti elə paniranizmin bölgədəki əsas dayaqları hesab olunurlar. Onlar hələ də anlamırlar ki, din pərdəsi altında İran daha dərin qatlarda antitürk siyasətini yürüdür. Bütün bunlar azmış kimi, indi Borçalıda çevik informasiya şəbəkəsi də inkişaf etdirilməkdədir. Belə ki, ıman.ge, ahlibeyt.ge, imanmedia.ge, almustafa.ge, ahli-beyit.ge, mehrnews.com və digər internet resursları bu siyasəti həyata keçirirlər. Bu informasiya mərkəzləri birbaşa İran baş kəşfiyyat idarəsinə tabe olan abna.ir internet mərkəzinə bağlıdırlar.
İran tərəfi bununla da Gürcüstanın Marneuli, Tiflis, Batumi, Rustavi, Bolnisi, Dmanisi, Qardabani, Kaspi, Saqareco rayonlarında yaşayan Azərbaycan türklərindən ibarət dini təhsil, mədəniyyət, ticarət, informasiya və digər infrastukturlar yaradaraq, özünün çoxşaxəli şəbəkələrini qurmağa nail olmuşdur.
Tehran təsisatlarının “ocaqları”
İran 1998-ci ildə ilk addım olaraq Marneuli şəhərində “İmam Rza” adına oğlanlar mədrəsəsini yaratmış və indiyə kimi bu mərkəz fəaliyyət göstərir. Həmin mərkəzdə təhsil müddəti 3 ildir. Buranı əlaçı qiymətlərlə bitirənlər Tehran rejiminin vəsaiti hesabına İranın Qum, Məşhəd və digər şəhərlərinə, eləcə də İraqın Nəcəf şəhərindəki şiə təhsili mərkəzlərinə göndərilirlər. Marneulidəki mədrəsədə təhsil siyasəti fars, gürcü və Azərbaycan türkcəsi dillərində aparılır. Burada tələbələr üçün xüsusi yataqxana, gündə 3 dəfə pulsuz yeməklə təmin olunma imkanları yaradılıb. Tələbələrdən sağlamlıq haqqında arayış, 9 və ya 11 illik orta təhsil haqqında attestat tələb olunur. Tələbə qəbulu isə şifahi sorğu və ya test üsulu ilə təmin edilir. Mədrəsədə təhsil almaq üçün sənədlərin qəbulu cümə axşamı və cümə günlərindən və yay tətili aylarından başqa, hər həftənin bütün günləri saat 10.00-dan 13.00-a kimi aparılır. Tələbələrlə müsahibələr Marneuli şəhərindəki “İmam Rza” mədrəsəsində baş tutur. Bundan əlavə Marneuli, Rustavi və Tiflis şəhərlərində gizli şəkildə xüsusi seçilmiş tələbələr üçün kurslar təşkil edilib. Bu kurslara Tiflisdəki İran səfirliyi və “İran Mədəniyyət Mərkəzi” nəzarət edir. Burada “Quran elmləri və təfsir”, “İlahiyyat və İslam maarifi” (əxlaq, ehkam, əqidə üsullarının tədrisinə xüsusilə üstünlük verilir, bu da İranın strateji maraqlarına uyğun qatı şiə dindarlığı deməkdir), “Quran və hədis təlimi”, “Gürcü, ərəb və ingilis dilinin tədrisi”, “Kompüter kursları və digər mühazirələr”, “İslam və dinlər tarixi” öyrədilir. Tiflisdəki “Cümə” məscidinə İran tərəfi “Həzrəti Zəhra” adını verməklə buranı öz nəzarətində saxlamaqdadır. 2005-ci ildən başlayaraq məscidin nəzdində “Həzrəti Zəhra” adlı qızlar üçün dini təhsil mədrəsəsi yaradılmışdır. “İmam Rza” mədrəsəsində olduğu kimi eyni tədris proqramı tədris olunur. Tədris müddəti isə 2 il yarımdır.
Azərbaycan üzərindən yönləndirilmə
İranın Azərbaycan Respublikasında öz strateji hədəflərinə görə yaratdığı bütün təsisatlar Gürcüstan və “Borçalı masası”nda birgə taktika ilə hərəkət edirlər. Burada Haqq Yolu (haqqyolu.com), Fakt Xəbər İnformasiya Agentliyi (faktxeber.com), İslam Dünyası, Yeni Xəbərlər, Analitika və Araşdırmalar Agentliyi (birlik.az), Beynəlxalq İran İformasiya Agentliyinin Azərbaycan Xidməti (azeri.irib.ir), Həzrəti Əli Xəbərlər, Moizələr, Mərsiyələr və İlahilər Mərkəzi (hz-ali.tk), İslam Təbliğ Mərkəzi (islam-azeri.az), DEVAM (deyerler.org), Salam – Analitik və İnformasiya Mərkəzi (salaminfo.az), ABNA- Əhli Beyt İnformasiya və Araşdırma Agentliyi (abna.ir), Ümumdünya İran Siyasəti və Təhlilləri informasiya agentliyi (mehrnews.com), Aran İnformasiya Mərkəzi (arannews.ir abna.ir), islammektebi.org, juma-az.org (İlqar İbrahimoğluna məxsusdur), kovser.az, xeber44.com, az.313news.net, sonumid.com, islamtimes.org (Analitik İnformasiya Mərkəzi), zeynebiye.com, ahlibeyt.az (Ümumdünya Əhli Beyt İnformasiya Mərkəzinin Azərbaycan nümayəndəliyi), islaminsesi.az, sizinyol.com, rasthaber.com, israhaber.com, kevsernet.com, yamehdi.az (Mehdi Ordusunun Tərəfdarları), azadxeber.az və digər internet resurslarının fəaliyyət dairəsi sadəcə dini maarifləndirmə şəklində deyil, həm də başlıca ideoloji təsir vasitəsi, informasiya şəbəkəsi kimi başa düşülməlidir. Son zamanlar daha radikal şəkildə fəaliyyətlərini gücləndirməyə çalışan Beynəlxalq Mustafa Universiteti adı altında virtual sosial şəbəkələrin fəaliyyəti həm də Borçalı masasının tərkib hissəsinə çevrilmişdir. Bununla da Gürcüstanın və Borçalının hər yerində gündəlik informasiya şəbəkələri qurmaqla özlərinin maraq dairəsi ətrafında ictimai proseslərin informativ şəkildə tətbiq olunmasına çalışılır. Bu yöndə operativ informasiya süzgəcinə malik olan əksər məlumatlar artıq böyük bir şəbəkənin hesabına tədricən inkişaf etməkdə və formalaşmaqdadır. Beləliklə də Borçalı masasında bizlər informasiya mühitində xeyli dərəcədə geri qalmaqdayıq.
Dəllal təfəkürü və milli siyasət
Bizim Borçalı məsələsində son araşdırmalarımızdan bir sıra ictimai qurumlar nəinki narahat olmuş, hətta qurcuxma təfəkkürü ilə bundan qeyzlənərək mətbuatda deyil, daha çox internetdə – sosial şəbəkələrdə əleyhimizdə hədyanlar yağdırmağa başlayıblar. Biz həmin ictimai qurumlara xatırladırıq ki, Borçalı adına hansısa təşkilatın rəhbəri olmaq hələ Borçalı siyasətini milli maraqlarımıza uyğun şəkildə yönləndirmək demək deyil. Çünki həm Azərbaycanda, həm də Gürcüstanda milli maraqlarımızın təmin edilməsi yönündə fəaliyyət göstərən ictimai qurumların heç biri açıq və səmimi şəkildə hesabat verə bilmək iqtidarında deyillər. Bu qurumların başında duranlar intellektual baxımdan milli siyasətimizin hədəflərini həyata keçirmək üçün hələ də diletant səviyyədədirlər. Borçalı Türkünün yaşam tərzinin, sosial, iqtidsadi, hüquqi, mədəni hüquqlarının inkişafı yönündə hansısa elmi konsepsiyanı ötən 20 il ərzində ortaya qoymayıblar. Dünən necə var idisə, bu gün də həmin təfəkkürlə proseslərə yanaşılır.
Bizim araşdırmalarımza görə, Rusiya, İran, Küveyt, Türkiyə və elə Azərbaycan üzərindən Borçalı məsələsinin ideoloji müstəvidə çökdürülməsi siyasətlərini öncələr dini, ideoloji mənada aparan güclər, bu gün həmin proseslərə əksər ictimai qurumları da səfərbər etmişlər. Türkün ən qədim genetik milli yaddaşını hələ də yaşadan Borçalı aşıqlarının kababxana səviyyəsinə endirmək azmış kimi, indi onlara rəhbərlik edənlər qatı antitürk nurçu təlimlərinin zəncirinə buxolanmışlar. Borçalıdakı icitmai qurumları ayda bir dəfə qəzet nəşr etmək səviyyəsinə yönəldənlər, bununla da guya bölgədə milli siyasətin yanında dayanmış kimi görüntüləri yaradırlar. Camaatı dağ başına, yaylağa çıxaranlar haray həşirlə “biz milli bütünlük adına hamını birləşdirdik” təbliğatını gündəmə gətirirlər. Guya bununla da milli bütünlük problemlərimiz çözülmüşdür. Bütün bu tədbirlərə xərclənən vəsaitlə ən azından Tiflisdə və ya Marneulidə “BORÇALI MİLLİ MUZEYİ”ni yaratmaq olardı. Kəndlərdə kitabxanaları, məktəbləri, məscidləri təmir etdirmək olardı. Ancaq bunların heç biri xüsusi və gizli mənbələrdən Borçalı adına qrant alanların ağlına belə gəlməmişdir. Çünki hər bir “qrant projesi”nin arxasında daha çox dəllal maraqları gizlənib.
Borçalıda təkcə gürcü şovinizminin fəsadları at oynatmır. Qafqazda strateji maraqları olan dünyanın bütün antitürk mərkəzlərinin hədəflərinə uyğun dərin siyasətlər yürüdülür. Bunu anlamayan və ya görüb də susanların heç birinin Borçalı adına liderlik iddiasını sərgiləməsinin mənası və məntiqi yoxdur. Biz bu yazımızda sadəcə İranın təsisatlarına toxunduq. Növbəti araşdırmamızda xristian missisonerlərinin ötən 20 ildə Borçalıda apardıqları beynəlxalq səviyyəli təxribatları gündəmə gətirəcəyik. Borçalı bu gün Türkün sınaq meydanına çevrilmişdir. Çünki Qafqazın Qızıl Ortası Borçalıdır. Bu meydanda təkcə Azərbaycanın deyil, bütünlükdə Qafqazın taleyi həll olunur. Kim bu siyasətin qalibi olacaqsa, həm də yaxın yüz ildə Qafqazın sahibinə çevriləcəkdir. Min dəfələrlə təəssüflər olsun ki, bunu Borçalı adına fəaliyyət göstərən ictimai qurumların başçıları anlamırlar. Çünki onların milli siyasətimizlə bağlı düşüncə tərzi və intellektual səviyyəsi 20 il öncədən də uzaqda qalmış nimdaş anlamlara bağlıdır. Borçalı strategiyasını hansısa bəyanat və münasibətlərlə yetinməyi “iş görürük, fəaliyyətdəyik” anlamına bağlamaq bu zəif düçüncənin hələ də davam etməsini bir daha təsdiq edir. İranın bölgədəki təsisatlarından biz örnəkləri sadaladıq. Bəs Borçalı adına fəaliyyət göstərən qurumlar nə ediblər?
Ənvər BÖRÜSOY






Tweet This
Share on Facebook
Digg This
Save to delicious
Stumble it
RSS Feed