İrəvanda parlament yenidən oliqarxların nəzarətinə keçir


 Ermənistanda bu yöndə çox ciddi hazırlıqara başlanılıb

Hakim Respublika Partiyasının təmsilçisi, parlamentin deputatı Artak Davtyan bildirib ki, növbəti parlament seçkilərində Mərkəzi Seçki Komissiyasının tərkibi dəyişməyəcək. Azad Demokratlar Partiyasının sədri, sabiq xarici işlər naziri Aleksandr Arzumanyanın fikrincə isə, majoritar seçki sisteminin saxlanılması seçkilərin indidən saxtalaşdırılması deməkdir. Proporsional qaydada seçkilər keçirilərsə, müxalifət ən azından 70 faiz səs qazana bilər. Bu da 63 nəfər deputat yeri deməkdir.

Siyasi müşahidəçilər qeyd edirlər ki, Ermənistanda 1998-ci ildən bu günə qədər hakimiyyəti öz əlində saxlayan hərbi xunta siyasəti sayəsində oliqrxa çevrilmiş müxtəlif kriminal qruplaşmalar öz mövqelərindən geri çəklmək və normal seçki siyasətinin tətbiq olunmasına qarşıdırlar.

 Təbliğat sənayesi və hakimiyyətin qorunması

İrəvanda demokratik düşərgəni təmsil edənlər bölgədəki durumu sarkazm şəklində  qeyd edirlər ki, “bir millət, bir oliqarx, bir sağmalçı, bir kürəkən və bütün bunlar bir tövlədə birləşiblər”. Belə ki, iqtidarın təbliğat maşını artıq sənaye konversiyasına çevrilmişdir: “Qarabağda kimlər can qoyub, onlar da əlində silah həm Ermənistana, həm də Dağlıq Qarabağa hakim olmalıdırlar. Çünki ermənilərin Qərbi Ermənistan, Cevaxk davası bitməyib”.

Belə bir istinad erməni hakimiyyətinin strateji hədəfi olaraq  gündəlik normasına çevrilmişdir. Bu təbliğat sənayesinin başında duran isə prezident Serj Sərkisyandır. Onun siyasi iradəsi altında fəaliyyət göstərən parlamentdəki əksər deputatlar iş adamlarından ibarətdir. Saçlarını gelləmiş xunveybinləri xatırladan bu deputatlar bölgənin sosial-iqtisadi həyat tərzinin inkişafı üçün deyil, xuntanın ömrünün uzanması üçün müvafiq qanunları qəbul etməklə məşğuldurlar. İrəvanda nəşr olunan “7 Gün” qəzetinin icmalına görə, dəfələrlə seçki qanununun heç olmazsa qarışıq sistemlə, yəni həm majoritar, həm də proporsional tərzdə keçirilməsi təklifləri gündəmə gətirilsə də, sonucda hakimiyyətin apardığı təbliğat bununla bitmişdir: “Siz özünüz bu parlamenti seçmisiniz. Seçki qanununun dəyişdirilməsi parlamentin iradəsindən asılıdır”. Parlament isə ötən 4 il müddətində bu barədə heç düçünmək belə istəməmişdir.

 Ermənistanı talan edənlər

“Azatutyun” qəzetinin qeyd etdiyinə görə, Serj Sərkisyan 2008-ci ildə hakimiyyətə gəldikdən sonra bölgəni 800 min nəfər vətəndaş tərk etmişdir: “İndi acınaqcaqlı olsa da, Rusiyada çoxmilyonlu erməni diasporu inkişaf etməkdədir. Çünki bölgədə cinayət mafiyasının piramidası olduqca qəddar siyasət yürüdür. Faktiki olaraq bütün hüquq mühafizə orqanları bu piramidanın qorunmasına yönləndirilib. Ölkənin maliyyə sistemində “gizli iqtisadiyyatın gəlirləri” rəsmi gəlirdən qat-qat çoxdur. İndi biznes və əmlak bazarında səhmlərin 85 faizi oliqarxların tam ixtiyarına keçmişdir”.

Ekspetlərin qeyd etdiyi kimi, Ermənistanı idarə edən oliqarxların bütün maliyyə mənbələri Yunan Kipri, İsveçrə, Livan, Lixtenşteyn, Hernsi adası(İngiltərə), İtaliya, Xorvatiya, Bolqarıstan, Rumıniya, Yunanıstan, Birləşmiş Ərəb Əmirlikləri, İsrail (Apoalim Bankı), hətta Türkiyə, Argentina, Rusiya və Ukrayna banklarında yerləşir. Oliqarxlar Ermənistanın qara bazarında (xüsusilə Orta Şərqdə silah və narkotika ticarəti) əldə etdikləri gəlirləri beləcə xarici banklarda yerləşdirirlər.

 Kiçik ölkənin böyük oliqarxları

Qaqik Tsarukyan Barqavaç Ayastan Partiyasının (Çiçəklənən Ermənistan) sədri olsa da, oliqarx kimi “Multi Qrouup” holdinqinin sahibidir.  Armen Avetisyan (Gömrük xidmətinin rəisi), Mixail Baqdasarov (MİKA şirkətinin və ArmAvia Hava Yollarının səhmlərinin sahibi), Hrant Vardanyan (Qrand tobaqo və Qrand kendi şirkətlərinin prezidenti), Sukiasyanlar ailəsi (SIL konserinin sahibləri), Ervand Zaxaryan (İrəvanın əski meri, əmlak bazarında əsas paya malikdir), bu şəxslər Ermənistan siyasətində əsas söz sahibi olan oliqarxlar hesab olunurlar.

Ən böyük oliqarx, bölgədəki biznes imperiyasının lideri isə sabiq prezident Robert Köçəryan hesab olunur.  Vergi, telekommunikasiya, inşaat, qaz təchizatı, əlvan metalların emalı, nəqliyyatda yükdaşımalar, mineral sərvətlərin mədənləri və ixracat sektoru tamamən onun himayəsi altındadır. Ermənistanda onun malik olduğu sərvəti 4 milyard dollar dəyərindədir. Bütn bunlarla yanaşı separatçı Dağlıq Qarabağdakı “ArtsaxBank, MAP, ArmEksimBank, Yunibank, ABB Bank, Renko Constriction, Zəngəzur Mis-Milobden Mədənləri, ArdşiİnvestBank, Kaputan Sevan Komleksi, Nairi Tibb Mərkəzi, Emporio  Armani, Stefano Ricci və digər brendlər, BiŞin İnşaat, dauntaun İrəvan İnşaat Şirkəti, H2 TV kanalı,  SAS mağazalar şəbəkəsi, Star mağazalar şəbəkəsi, Noy konyak zavodu, Zvartnos Hava Limanı (50 faiz), Arm Poçt (50 faiz), Mobil telefonların idxalı (80 faiz), Toyota avtomobilinin nümayəndəliyi, K-Telekom (VivaCell), Golden Palace Hotel, Ararat Sement zavodu, KonversBank (ABŞ məxvi xidmət orqanlarının apardığı əməliyyat tədbirləri nəticəsində məlum olmuşdur ki, bu bank Orta Şərqdə terrorçu qruplarla maliyyə əmaliyyatlarında 800-900 milyon dollar həcmində xidmət göstərmişdir). Hal-hazırda Ermənistan iqtisadiyyatının qeyri-rəsmi şəkidə oliqarxlar arasında idarə olunması şəbəkəsini uzlaşdırma siyasətini baş nazir Tiqran Sərkisyan yönəldir.

Qızmar may seçkilərinə hazırlıq

25 may tarixində keçiriləcək yeni parlament seçkilərinə hakimiyyət və oliqarxlar çox ciddi şəkildə hazırlaşırlar. Belə ki, bu dəfə oliqarxlar parlamentdə təkcə özlərinin deyil, həm də onların qruplarına daxil olan nümayəndələrin də təmsil olunmasını hədəf seçmişlər.  Ötən seçkilərdən fərqli olaraq, iqtidar yeni parlamentdə 3-4 partiyanın təmsil olunması üçün çalışacaq. Buraya hakim Respublika Partiyası, Barqavaç Ayastan Partiyası ilə yanaşı, öz sıralarında 17 siyasi partiyanı və 23 ictimai təşkilatı birləşdirən Erməni Milli Konqresinə qarşı müxalifətdə olan Daşnaksütyun və İrs partiyaları daxildirlər. Beləcə hakim partiyalar və “səssiz müxalifət” taktikasının rəsmiləşdirilməsinə çalışıcılacaqdır.  Ana Müxalifət Erməni Milli Konqresi isə yeni parlament seçkilərinin keçirilməsi haqqında qərar qəbul olunmazdan öncə proporsional seçki qanununun qəbul edilməsini bir şərt olaraq irəli sürmüşdür. Ana Müxalifət təklif edir ki, yeni parlamentdə 90 nəfər deputat proporsional, 41 nəfər isə majoritar qaydada seçilsə bu, daha effektiv parlament siyasəti ola bilər. Müşahidəçilərin fikrincə, oliqarxlar faktiki olaraq, parlamentin işində mütəmadi şəkildə iştirak edə bilmirlər. Buna görə də, onlar seçkilərə qatılmasalar daha yaxşı olardı. Ancaq onların maraqlarını təmin edə biləcək və lobbiçilik əsasında quracaq deputatların olması daha effektiv ola bilər. Oliqarxlar biznesdə olduğu kimi, siyasətdə də heç kəsə etibar etmədikləri üçün özləri seçkilərdə birbaşa iştirak etməkdə iddialıdırlar.

 Serj Sərkisyan rejimin baş mühafizəçisi rolunda

Sabiq xarici işlər naziri, politoloq Raffi Ovannisyanın açıqlamasına görə, yeni parlament seçkilərinin bir başa Serj Sərkisanın nəzarətində keçəcəyi heç kimdə şübhə doğurmur. Ona görə ki, oliqarxlar belə istəyirlər. Onlardan kiminsə hakimiyyətdən küsərək müxalifətin yanına keçməsi 14 illik xunta rejiminin iflasına səbəb ola bilər. Çünki Ermənistandakı oliarqxlara məxsus klanlar  regional deyil, daha çox iqtisadi xarakter daşıyan bir siyasi bazis üzərində qurulmuşdur.

“Azad Sözün Müdafiəsi Komitəsi”nin sədri Aşot Məlikyan isə bildirib ki, növbəti parlament seçkilərinin səsiz, hay-küydən uzaq bir şəraitdə keçməsi üçün olilqarxlar indidən hərəkətə keçmişlər. Onlar bütün vasitələrlə KİV-ləri öz nəzarətlərinə almaq, seçkilərin sonuna kimi durumu beləcə saxlamaq taktikasına üz tutmuşlar. Hakim Respublika Partiyası isə bu yöndə sadəcə oliqarxları deyil, bütün iş adamlarını səfərbər etməyə başlayıb. Əyalətlərdə bu siyasətə dəstək vermək istəməyən iş adamlarını isə iflas olma təhlükəsi gözləyir. Onlar məcburi şəkildə hakim partiyanın qərarlarına əməl etməyə borcludurlar.
Erməni Milli Konqresi yeni parlament seçkilərində oliqarxların, digər iş adamlarının deputat olmaq iddialarının qarşısını almaq üçün indidən Ana yasa Məhkəməsinə müraciət etmək üçün müvafiq hüquqi sənədləri hazrlamışdır. Belə ki, Ana Yasada qeyd olunduğu kimi “Deputatlar bizneslə məşğul ola bilməz” qanununa seçki öncəsi əməl olunması tələbi ilə müxalifət hərəkətə keçmək fikrindədir. Son vaxtlar deputatlığını irəli sürəcəyi barədə açıqlama verənlərin çoxunun iş adamları və oliqarxların olması artıq mətbuatda belə qeyd olunmuşdur. Tiqran Arzakantsyan, Samvel Aleksyan, Levon Sarqsyan və digərləri buna örnəkdir.
İqtidarın bunca hakimiyyəti öz əlində saxlamağının sirri isə qanunla parlamentdə ən çox səs qazanmış siyasi gücün həm də hökumət kabinetini təşkil etməsi deməkdir. Başda Serj Sərkisyan olmaqla bütün oliqarxların ciddi dirənişlərinin əsas səbəbi də bundan qaynaq  tapır. Elə buna görə də, mümkün olan bütün inzibati resursları hərəkətə gətirməklə, hətta qan tökməyin bahasına olsa da 14 ildir davam edən xunta rejimi öz mövcudluğunu qoruyub saxlamağa çalışır.

Ənvər BÖRÜSOY 

Leave a Reply