Fransaya tutarlı cavab


Nurəddin İsmayıl

Rüstəm İbrahimbəyov Azərbaycan-Türkiyə qardaşlığını şübhə altına salmaq istəyən bədxahlara layiqli cavab verdi

Tanınmış kinodramaturq və ictimai xadim Rüstəm İbrahimbəyov sovet dönəmindən qalma orden, medal və hər cür  yalançı təltif ənənəsinin yaşandığı Azərbacanda həqiqi  təltifdən imtinanın bariz nümunəsini oratya qoydu. O, Fransa senatında qondarma “erməni soyqırımı”nı inkar edənlərin cəzalandırılmasını nəzərdə tutan qanun layihəsinin qəbul edilməsinə etiraz olaraq Fransanın “İncəsənət” ordenindən imtina etdiyini və eyni zamanda Azərbaycan-Fransa Mədəni əlaqələr icmasının prezidenti vəzifəsindən istefa verdiyini bəyan etdi. Tam zamanında atılmış və şok effekt yaradan cəsarətli bir addım.

V.Kikabidzenin ölkəsini işğala məruz qoyan Rusiyanın ona təqdim etdiyi “Xalqlar dostluğu” ordenindən könüllü olaraq imtina etməsi soydaşları gürcülərə nə qədər qürur və şərəf yaşatmışdısa, R.İbrahimbəyovun bu addımı da fitnəkar erməni himayədarlarının total hücumuna məruz qoyulan türk dünyasına o qədər qürur və şərəf yaşatdı.

Cənab İbrahimbəyovun söz və ifadə özgürlüyünün pozulmasına qarşı bu cür qətiyyətli davranış nümayiş etdirməsi onun Ziyalılar Forumunda öz həmkarları ilə   birgə ölkəmizdə demokratik dəyərlərin qorunması uğrunda başlatdığı mübarizənin beynəlxalq miqyasda əməli təsdiqidir. Bu həm də “bir millət, iki dövlət”prinsipinə söykənən Azərbaycan-Türkiyə qardaşlığını şübhə altına salmaq istəyən bədxahlara ən tutarlı cavabdır.

Fədakarlıq örnəyi olan bu addımla R.İbrahimbəyov fransızları böyük filosof Volterin həyat kredosuna çevrilən və insanlığı  hələ yüz illər öncə ifadə azadlığının qorunmasına səsləyən “Mən sənin heç bir fikrinlə razı deyiləm, amma fikirlərini azad ifadə etmək üçün həyatımı qurban verərəm” idealına sahib durmağa çağırır. Bəyanat müəllifi qardaşlığın, bərabərliyin və ədalətin ilk carçısı olan Fransanı – bəşəriyyətə ən böyük demokratik töhfələr bəxş edən bir ölkəni öz siyasi çıxarlarına qurban vermək istəyən, söz və ifadə azadlığının kobud şəkildə pozulduğu ölkələr sırasına qatmaq cəhdində bulunan Fransa yönətimini qınayır və onları fundamental insan haqlarına zidd olan hərəkətlərdən çəkinməyə səsləyir.

Doğrudan da düşündürücüdür. Heç bir tarixi fakta söykənmədən və beynəlxalq məhkəmə qərarı ortada olmadan Fransa senatının qondarma “erməni soyqırımı” haqqında qanun layihəsi qəbul etməsi və bir az da uzağa gedərək bu faktı inkar edənlərə qanunla nəzərdə tutulan cəza müəyyənləşdirməsi hansı məntiqdən doğur?! İmperiya tarixi xalqlara qarşı qırğın və genosid faktları ilə dolu olan ölkələr sırasında Fransa müstəsnalıq təşkil edir. Təkcə Əlcəzair və Ruandada törədilən qırğınlar və genosid faktları bəs edir ki, bu cinayətlərə görə Fransa beynəlxalq məhkəmə qarşısına çıxarılsın və həmin xalqlar qarşısında üzr istəsin.

Bəs necə olur ki, xalqlara bu ağır cinayətləri və  genosid aktlarını yaşadan Fransa özünün deyil, Türkiyənin insanlıq qarşısında suç işlətdiyini dilə gətirmək istəyir? Elə isə nə üçün bu və “erməni soyqırımı” müdafiəsinə qalxmaq istəyən digər dövlətlər Türkiyənin  bu faktın araşdırılması üzrə müştərək komissiya yaradılması və arxiv araşdırılmaları aparılması təklifini qəbul etmək istəmir. Əgər doğrudan da Fransa “genosid” faktına görə hər hansı bir ölkənin beynəlxalq məsuliyyətindən danışırsa, nə üçün Azərbaycan xalqına XX əsin ən dəhşətli Xocalı soyqırımını yaşadan Ermənistanın məsuliyyətini gündəmə gətirmir.

Deməli, tarixi əsası olmayan qondarma “erməni soyqırımı” məsələsinin israrla gündəmə gətirməkdə Fransanın əsas məqsədi xristian ermənilərə sevgi və müsəlman Türkiyəsinə qarşı nifrət üzərində qurulub. Fransanın açıq erməni mdafiəsinə durması artıq bu ölkənin ATƏT-in Minsk qrupundakı fəaliyyəti ilə bir araya sığmır və yetər ki, Azərbaycan hakimiyyəti onun bu qurumdakı fəaliyyətini başqa bir dövlətlə əvəzləmək haqqında qərara gəlsin. Azərbaycan Fransa senatının xalqa zorla qəbul etdimək istədiyi bu ədalətsiz qərarın ləgvi istiqamətində Türkiyə ilə birgə addımlamalı və Fransa ilə ilişkilərinə yenidən nəzər salmalıdır.

Leave a Reply