“Fransa ordenindən imtina etmək mənə o qədər də asan olmadı”
Rüstəm İbrahimbəyov: “Düşünürəm ki, ümumiyyətlə bu qərar türk dünyasının əleyhinə yönəldilib”
Qondarma “erməni soyqrımı”nı inkar edənlərə cəzanı nəzərdə tutan qanun Fransa Senatında qəbul edildikdən sonra Fransa ordenindən imtina edən, Fransa-Azərbaycan Mədəniyyət Cəmiyyətinin sədrliyindən istefa verən kinorejissor, “Oskar” mükafatı laureatı Rüstəm İbrahimbəyov ordeni rəsmi şəkildə Azərbaycanın Fransadakı səfirliyinə təqdim edəcək. Lakin bu, sənədə prezident Sarkozi imza atdıqdan və senatın 60 deputatının Konstitusiya Məhkəməsinə etdiyi müraciət təsdiqlənməyəcəyi təqdirdə mümkün olacaq. Fransa ilə uzun illərdir mədəni əlaqələrinin olduğunu deyən Rüstəm İbrahimbəyov belə qərar verməyin ona çətin olduğunu bildirib.
Rüstəm İbrahimbəyovun sözlərinə görə, bu orden Fransada çox hörmətli bir ödüldür: “Vaxtı ilə mən bunu dövlət tərəfindən verilərkən qəbul etmişdim. Fransa ordenindən imtina etmək mənim üçün o qədər də asan deyildi. Amma Fransa Senatının məlum qanunu qəbul etməsi, bəlkə də Sarkozinin seçkilərə görə erməniləri dəstəkləməsi, onun anti-türk mövqelərinə görə və Fransa kimi böyük demokratik ənənələri olan ölkə belə bir qanunu qəbul etməklə, bütün bu ənənələri ləğv etdi. Düşünürəm ki, ümumiyyətlə bu qərar türk dünyasının əleyhinə yönəldilib. Bu səbəbdən də mən özümə borc saydım ki, bu orden və medaldan imtina edim”.
Qeyd edək ki, Rüstəm İbrahimbəyovun ssenarisi əsasında “Urqa” və “Şərq-qərb” filmləri Fransa ilə birgə çəkilib və “Oskar”a namizəd olub. Kinorejissor bu mükafata 2000-ci ildə layiq görülüb.





Tweet This
Share on Facebook
Digg This
Save to delicious
Stumble it
RSS Feed