Azərbaycanın daha bir əfsanəsi sınağa çəkilir…
Canpolad Budaqov erməni yalanının cəzasını çəkir
Xəbər verildiyi kimi, uşu-sanda üzrə dünya və Avropa çempionu, eləcə də Dünya Kubokunun qalibi, eyni idman növü üzrə Azərbaycan yığmasının sabiq məşqçisi Canpolad Budaqov Rusiyanın Samara vilayətində erməni sahə müvəkkili Samvel Mehrabovu öldürdüyü üçün həbs olunub. Hansı ki, Canpolad Budaqovun törətdiyi qətlə hadisəsindən sonra Rusiya və Ermənistan Kütləvi İnformasiya Vasitələri (KİV) ilə yanaşı, Azərbaycan mətbuatında da çoxsaylı materiallar dərc edilməkdə, onun barəsində müxtəlif fikirlər səslənməkdədir. Lakin təəssüflər olsun ki, istər sözügedən dövlətlərdə, istər də ölkə daxilində dərc olunan bu yazıların bir çoxunda C.Budaqovun cinayət işinə yanaşmada ögey, yad münasibətin olduğu aydın surətdə özünü hiss etdirməkdədir. Odur ki, dünya çempionunun ətrafında yaranan mövcud situasiyaya və onun törətdiyi qətl hadisəsinə obyektiv şəkildə aydınlıq gətirməyi lazım bildik.
Canpolad Budaqov kimdir?
Əslində C.Budaqovun kimliyinə aydınlıq gətirməyə o qədər də lüzum yoxdur. Qeyd etdiyimiz kimi, Azərbaycan bayrağını dəfələrlə dünyanın müxtəlif ölkələrində göylərə ucaldan, ölkə idmanının şərəfini hər zaman ləyaqətlə qoruyan C.Budaqovun kimliyi şərhsiz də hər kəsə bəllidir. Lakin C.Budaqovun qürbət ölkədə həbsdə yatdığı indiki dönəmdə onun keçmiş xidmətlərini yada salmaqda, bu xidmətlərin müqabilində bizim dövlət və millət olaraq sərgilədiyimiz mövqeyin nə dərəcədə ədalətli olduğunu aydınlaşdırmaq baxımından keçmişə qısa da olsa nəzər salmaqda fayda var.
Öncə onu nəzərinizə çatdıraq ki, C.Budaqovu Azərbaycanın idman ictimaiyyətinə tanıdan onun vaxtilə o qədər də populyar olmayan uşu-sanda idman növündə ölkəmizə gətirdiyi qələbələr olub. Bu idman növünün Azərbaycanda inkişafında şəksiz xidmətləri olan C.Budaqov, ölkə və Avropa miqyasında qazandığı qələbələri dünya miqyasında da uğurla davam etdirib. Uşu-sanda üzrə dəfələrlə Avropa və ikiqat dünya çempionu olan C.Budaqov bununla da Azərbaycan tarixində çalışdığı idman növü üzrə bir ilkə imza atır. C.Budaqovun dünya çempionatının finalında tanınmış erməni idmançısını məğlub etməsi isə yəqin ki, bu gün də idman ictimaiyyəti tərəfindən qüruru hissi ilə xatırlanmaqdadır. Baş məşqçi kimi də Azərbaycan idmanının inkişafı yolunda az əmək sərf etməyən C.Budaqov, bütün gənclik dövrü ərzində ona göstərilən etimadı hər zaman doğrultmuş və ölkəsindən iftixarla söz etdirmişdir.
Qürbət ölkədə erməni tələsi
Xatırladaq ki, avqustun 1-də Samaranın “Vodopad” kafesində üç dostu ilə birlikdə nahar edən C.Budaqov həmin kafedə atasının 50 ilik yubileyini qeyd edən erməni polis 25 yaşlı Samvel Mehrabov və 30 nəfərdən çox (qarşı tərəfdə qadınlarla birlikdə 60 nəfərə yaxın erməni olub – red.) erməninin hücumuna məruz qalır. Ermənilərin içkli vəziyyətdə olduğunu görən C.Budaqov ilk əvvəl onlarınan bütün təxribat cəhdləri qarçısında peşəkar idmançı səbri nümayiş etdirərək heç bir reaksiya bildirməyib. Lakin qarşı tərəf dava etməkdə israrlı olub və onlarla erməni azərbaycanlıların üzərinə hücum edib. Ermənilərlə say etibarilə qeyri-bərabər şəraitdə qarşılaşan C.Budaqov özünü və yoldaşlarını qorumaq üçün onlara qarşılıq verməli olub. Ancaq kəsici-deşici alətlərlə silahlanan onlarla erməni ilə yalnız yumruqları hesabına eyni vaxtda mübarizə apara bilməyəcəyini anlayan C.Budaqov, özünümüdafiə məqsədilə həmin vaxt masanın üstündə olan bıçağa əl atmağa məcbur olub. Bu zaman bıçaq zərbəsi S.Mehrabovun ürək nahiyəsinə dəyib və o, aldığı xəsarət nəticəsində ölüb.
Polis vəsiqəli erməni qulduru
Baş verənlərin onun üçün ağır fəsadlara səbəb ola biləcəyini anlayan C.Budaqov məlum olaydan sonra Moskvaya getməyə qərar verir. Lakin bir müddət sonra – 2011-ci ilin oktyabr ayında C.Budaqovu Moskvada saxlayan Rusiya polisi dərhal da onun Samaraya qaytarılmasına nail olur. Bundan sonra 1 avqust olayı ilə bağlı istintaqa cəlb edilən C.Budaqova qarşı saysız-hesabsız qondarma ittihamlar irəli sürülür. Məhz istintaq zamanı C.Budaqova məlum olur ki, avqustun 1-nə keçən gecə azərbaycanlıların ünvanına təhdid və həqarətlər yağdıran, 30-dan çox ermənini onların üzərinə hücuma aparan S.Mehrabov polis əməkdaşı imiş. Özünü ictimai yerdə əsl quldur kimi aparan S.Mehrabovun polis işçisi olması gerçəyi C.Budaqova qarşı yeni ittihamların irəli sürülməsinə səbəb olur. 3-4 nəfər istisna olmaqla hadisənin demək olar ki, bütün şahidlərinin ermənilərdən ibarət olması isə bütün ifadələrin C.Budaqovun əleyhinə yönəlməsini təmin edir. Hadisə ilə bağlı istintaqa izahat verən Samvelin erməni tanışları hər kəsi inandırmağa çalışır ki, hadisə onların deyil, azərbaycanlıların günahı ucbatından baş vermiş, daha dəqiq desək, nədənsə “4 nəfər azərbaycanlı birdən-birə 30-dan çox ermənini döyməyi qərara alaraq onların üzərinə hücum etmişdir”. Şahidlər həmin vaxt mülki formada olan S.Mehrabovla bağlı bəzi həqiqətlər üzərində də ciddi redaktələr etməyi lazım bilir. Onlar iddia edirlər ki, guya “azərbaycanlılar hücum edən zaman münaqişəni dinc yolla yoluna qoymağa çalışan S.Mehrabov cibindəki polis vəsiqəsini çıxardaraq qanun keşikçisi olduğunu bildirmiş, lakin C.Budaqov və yoldaşları buna əhəmiyyət verməmişdir”.
“20 yanvar” divanı
Şahid ifadələri və digər “dəlilləri” əldə edib məhkəməyə təqdim edən Samara vilayətinin hüquq-mühafizə orqanları C.Budaqovu ictimai yerdə xuliqanlıqdan tutmuş polisə müqavimətə qədər bir neçə maddə ilə ittiham edir. Belə ki, erməni diasporasının təsiri ilə məhkəmə heyəti də C.Budaqovun işi üzrə ilk prosesi məqsədli şəkildə 2012-ci ilin 20 yanvar tarixinə salır. Yəni bütün dünya azərbaycanlılarının 20 yanvar faciəsi ilə bağlı matəm elan etdiyi bir gündə C.Budaqov məhkəmə önünə çıxarılır. Bununla belə, məhkəmədə şahidlərin verdiyi ifadələr, hətta ölən şəxsin valideynlərinin fikirləri belə bir-biri ilə ziddiyyət təşkil edir. Bütün bunlar hakim heyətinin diqqətindən yayınmasa da, məhkəmə prosesinin ədalətlə yekunlaşacağı şübhə altındadır. Çünki erməni diasporu C.Budaqovu qətli milli münaqişə zəminində həyata keçirməkdə ittiham edir. C.Budaqovun milli zəmində kimsə ilə münaqişəyə girmədiyini, hadisənin məişət zəminində baş verdiyini iddia etməsinə baxmayaraq, prosesin məhz 20 yanvar tarixinə təyin olunması da kifayət qədər şübhələr doğurur…
Azərbaycanın Canpolad Budaqovla bağlı susqunluğunun səbəbi nədir?
C.Budaqovun həbsindən təxminən 4 aya qədər bir vaxt keçsə də, Azərbaycan dövlətinin məsələ ilə bağlı heç bir narahatlıq keçirməməsi müşahidə edilir. Bu da istər-istəməz təəssüf və məyusluq hissi doğurur. İllər uzunu Azərbaycanı təmsil edən və ölkəmizin bayrağını çətin mübarizələrdən qalib çıxardaraq səmalara yüksəldən idmançımıza olan bu cür münasibət eyni zamanda Azərbaycan xalqının qəhrəmanı Ramil Səfərova olan ögey münasibətini yada salır. Nə qədər inanılmaz olsa da, bu gün də R.Səfərovla bağlı dövlət səviyyəsində heç bir addım atılmış deyil. Eyni münasibətin C.Budaqovla əlaqədar olaraq sərgilənməsi faktı isə göstərir ki, Azərbaycan hakimiyyəti özünün bu qəhrəmanına da layiq olduğu hörmət və ehtiramı göstərmək niyyətində deyil. Bu yanaşmanın isə yalnız R.Səfərov, C.Budaqov kimi qəhrəmanlara deyil, həm də gənc nəsillər sırasındakı potensial qəhrəmanların da düşüncə tərzini, mənəvi dünyasını mənfi akkordlarla köklədiyi şübhəsizdir. Lakin yenə də ümid edirik ki, hakimiyyət, əlaqədar qurumlar gec də olsa C.Budaqovun erməni şərindən qurtulması üçün hərəkətə keçəcək, dünya şöhrətli idmançının vətəninə və millətinə olan sevgi və sadiqliyinin qarşılığını verəcəkdir.
Şamil Əlibəyli
Mövzunu diqqətdə saxlayacağıq.







Tweet This
Share on Facebook
Digg This
Save to delicious
Stumble it
RSS Feed